BAKI, 7 avqust. TELEQRAF

Yəməndəki Husilər Səudiyyə Ərəbistanının dəstəklədiyi Marib əyalətindəki hərbi düşərgəyə raket və pilotsuz təyyarələrlə hücum ediblər.

Teleqraf xəbər verir ki, bu barədə hərəkatın hərbi sözçüsü Yəhya Səri bildirib.

Üsyançıların sözçüsü açıqlamasında bildirib ki, bu qüvvələrin hərəkətlərini yaxından izlədikdən sonra, çox sayda raket və dron istifadə edərək Sahn əl-Cinn düşərgəsindəki qoşun cəmləşmələrinə, anbarlara, avadanlıqlara və hərbi texnikaya dəqiq zərbə endirilib.

Daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" televiziya kanalı Yəmən hərbi mənbələrinə istinadən husilərin Məribin yaşayış məntəqələrini atəşə tutduğunu və məcburi köçkünlər üçün düşərgəyə raket hücumu təşkil etdiyini, nəticədə bir neçə nəfərin yaralandığını bildirmişdi. Kanal həmçinin şahidlərin hücumdan bir müddət əvvəl üsyançıların nəzarətində olan Yəmənin paytaxtı Sənadan raketlərin atıldığını qeydə aldığını qeyd etmişdi.