BAKI, 8 avqust. TELEQRAF

Almaniya Bundestaqında Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının rəhbəri Torsten Fray kansler Fridrix Mertsin vaxtından əvvəl istefa verəcəyi ilə bağlı iddiaları rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə o, Funke mətbuata müsahibəsində danışıb.

"Fridrix Merts seçilmiş kanslerdir. O, qanunvericilik dövrünün sonunadək vəzifəsində qalacaq", - deyə Fray bildirib.

O vurğulayıb ki, "kanslerin nüfuzu zərər görməyib".

Son günlər Fridrix Merts hökumətdə həyata keçirdiyi kadr dəyişikliklərinə görə CDU daxilində tənqidlərlə üzləşib. Kansler isə partiya daxilindəki vəziyyətin sentyabr ayınadək sabitləşəcəyini bildirib.

Bəzi siyasi ekspertlər hesab edirlər ki, əgər CDU sentyabrda Berlində, Meklenburq–Qərbi Pomeraniya və Saksoniya-Anhalt əyalətlərində keçiriləcək regional seçkilərdə uğursuz nəticə göstərərsə, partiyadaxili narazılıq daha da güclənə və Mertsə istefa təzyiqi arta bilər.

Torsten Fray isə regional seçkilərin hökumətin fəaliyyətinə təsir göstərə biləcəyini etiraf etsə də, bunun fəlakətli nəticələr doğuracağını düşünmədiyini bildirib.