BAKI, 8 avqust. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) naməlum uçan obyektlərlə (UNO) bağlı arxiv materiallarının beşinci paketini ictimaiyyətə təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, dərc olunan materiallar arasında Yaxın Şərqdə çəkilmiş bir neçə videogörüntü də yer alır. 2025-ci ilə aid videolardan birində yaşayış məntəqəsi üzərində uçan kürə formalı naməlum obyekt əks olunub.

Pentaqon açıqlamasında bildirib ki, UNO-larla bağlı əlavə arxiv materiallarının mərhələli şəkildə yayımlanması davam etdiriləcək. Bu sənədlərin ilk paketi mayın 8-də ictimaiyyətə təqdim olunmuşdu.

ABŞ Prezidenti Donald Tramp aprelin sonunda UNO-larla bağlı məlumatların açıqlanacağını bəyan etmişdi. O bildirmişdi ki, bu mövzunu belə hadisələrin şahidi olmuş amerikalı hərbi pilotlarla da müzakirə edib və onların gördükləri hadisələrin "inanılması çətin" olduğunu eşidib.

Tramp hələ fevral ayında hökumətə ehtimal olunan yerdənkənar həyat formaları, naməlum uçan obyektlər və digər izahı verilməyən anomal hadisələrlə bağlı hökumət sənədlərinin açıqlanması prosesinə başlamaq tapşırığı verəcəyini açıqlamışdı.