BAKI, 8 avqust. TELEQRAF

Kolumbiyanın yeni seçilmiş prezidenti Abelardo de la Espriella and içərək rəsmi şəkildə vəzifəsinin icrasına başlayıb.

Teleqraf xəbər verir ki, andiçmə mərasimi "Caracol" telekanalı vasitəsilə canlı yayımlanıb.

"Tanrı qarşısında and içir və Kolumbiya xalqına Konstitusiyaya və ölkə qanunlarına sadiq qalacağıma söz verirəm", - deyə yeni dövlət başçısı parlament üzvlərinin iştirakı ilə keçirilən mərasimdə bildirib.

Andiçmə mərasimi paytaxt Boqotada deyil, ölkənin qərbində yerləşən Kali şəhərində keçirilib. Tədbirdə Argentina Prezidenti Xavyer Miley, Çili Prezidenti Xose Antonio Kast və Ekvador Prezidenti Daniel Noboa da iştirak ediblər.

Abelardo de la Espriella iyunun 21-də keçirilən prezident seçkilərinin ikinci turunda 49,6 faiz səs toplayaraq qələbə qazanıb. O, hakim "Tarixi Pakt" partiyasının namizədi İvan Sepedanı 1 faiz bəndi fərqlə qabaqlayıb.

Seçkiqabağı kampaniya dövründə özünü sistemdənkənar siyasətçi kimi təqdim edən de la Espriella əsas prioritetlərinin cinayətkarlıq və narkotik ticarəti ilə mübarizə olacağını bildirib. O, silahlı qruplar və narkokartellərlə danışıqlara qarşı çıxır.

Yeni prezident iqtisadi artımı sürətləndirmək üçün dövlət xərclərinin azaldılmasını, biznes üçün vergi yükünün yüngülləşdirilməsini, faydalı qazıntıların hasilatının və ixracının artırılmasını vəd edib.

Xarici siyasətdə isə ABŞ ilə hərbi əməkdaşlığın genişləndirilməsini dəstəkləyən de la Espriella amerikalı hərbçilərin narkokartellərin laboratoriyalarına qarşı əməliyyatlarda iştirak imkanını nəzərdən keçirəcəyini bildirib. O, həmçinin İsraillə diplomatik münasibətləri bərpa etməyi, Kuba və Nikaraquadakı səfirlikləri bağlamağı planlaşdırır.