BAKI, 8 avqust. TELEQRAF
ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn hesab edir ki, Vaşinqton İranla müharibədən çıxış yolu axtarmalıdır. Onun fikrincə, münaqişənin daha da genişlənməsi vəziyyəti yalnız ağırlaşdıra bilər.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, Den Keyn son həftələrdə ABŞ Prezidenti Donald Trampın müşavirlərinə izah edib ki, qarşıya qoyulan məqsədlərə yalnız hava zərbələri ilə nail olmaq mümkün görünmür və hərbi əməliyyatların genişləndirilməsi mənfi nəticələrə səbəb ola bilər.
Məlumata görə, general münaqişədən çıxış yollarını ABŞ-ın vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff də daxil olmaqla bir sıra yüksəkvəzifəli rəsmilərlə müzakirə edib.
CNN qeyd edir ki, Den Keyn Trampın əsas müşavirlərinin də bu yanaşmanı dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirməyə çalışır.
Telekanalın qiymətləndirməsinə görə, altı aydır davam edən döyüşlərdən sonra belə yüksək rütbəli amerikalı generalın administrasiyaya münaqişənin sadə hərbi həllinin olmadığını çatdırması diqqətçəkən məqamdır.