BAKI, 8 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyası Vaşinqtonla münasibətləri dəyişə biləcək yeni Kuba rəhbəri üçün mümkün namizədlər axtarır.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin iddiasına görə, ABŞ administrasiyası xüsusi xidmət orqanlarına Kubada hazırkı və ya keçmiş yüksəkvəzifəli şəxslər arasında ölkəyə rəhbərlik edə biləcək və Vaşinqtonla əməkdaşlığa meylli namizədlərin müəyyənləşdirilməsini tapşırıb.

Mənbələrin sözlərinə görə, ABŞ rəsmiləri Venesuelədəki hadisələrdən sonra hakimiyyətə gələn Delsi Rodriqesə bənzər praqmatik fiqurun Kubada da tapılmasının mümkün olub-olmadığını qiymətləndirirlər. Bununla yanaşı, Amerika kəşfiyyat orqanları hesab edir ki, Havana Vaşinqtonla əməkdaşlıq baxımından Venesuelədən daha çox İrana bənzəyir.

"The New York Times" yazır ki, Vaşinqtonun diqqət mərkəzində ola biləcək şəxslər arasında Kubanın daxili işlər naziri Lasaro Alberto Alvares Kasas və Raul Kastronun nəvəsi Raul Gilyermo Rodriqes Kastro da var.

Qəzet daha əvvəl də mənbələrə istinadən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Kuba üzrə məxfi əməliyyat qrupu yaratdığını yazmışdı. Bildirilirdi ki, həmin qrupun məqsədi Kuba siyasi elitasında parçalanmaya şərait yaratmaq və Vaşinqtonla daha konstruktiv münasibətlər qurmağa hazır olan qüvvələrin önə çıxmasına kömək etməkdir.