BAKI, 8 avqust. TELEQRAF

Böyük Britaniyanın "Reform UK" partiyasının lideri Naycel Farac və onun müavini Riçard Tays bank əməliyyatları ilə bağlı məlumatların mediaya sızdırılmasına görə Milli Cinayətkarlıqla Mübarizə Agentliyini (NCA) məhkəməyə veriblər.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

Bildirilib ki, iddia İngiltərə və Uels Ali Məhkəməsinə təqdim olunub. Farac və Tays dəymiş ziyana görə 25 min funt sterlinqdən çox, yəni təxminən 35 min dollar təzminat tələb edirlər.

Hazırda NCA məlumatların jurnalistlərin əlinə necə keçdiyini müəyyənləşdirmək üçün daxili araşdırma aparır. Farac və Tays isə məhkəməyə müraciətlərini qurumun araşdırmanı "qəsdən uzatması" ilə əsaslandırıblar.

Daha əvvəl Britaniya mediasında iri biznesmenlərin "Reform UK" partiyasına ianələri ilə bağlı məlumatlar yayılmışdı. Xəbərlərə görə, böyük məbləğli bank köçürmələri maliyyə institutlarında şübhə yaradıb və bu barədə NCA-ya məlumat verilib.

May ayında İcmalar Palatasının Standartlar üzrə komissarı Daniel Qrinberq Faracla bağlı araşdırmaya başlamışdı. Araşdırma siyasətçinin biznesmen Kristofer Harborndan aldığı 5 milyon funt sterlinqlik ianəni bəyannaməsində göstərməməklə parlament qaydalarını pozub-pozmadığını müəyyənləşdirməli idi.

Lakin Farac iyulda deputat mandatından imtina etdikdən sonra parlament araşdırması dayandırılıb. O bildirib ki, İngiltərənin şərqindəki Klakton seçki dairəsində keçiriləcək yeni seçkilərdə yenidən namizəd olacaq və seçicilərin onun parlamentdə təmsil olunmağa layiq olub-olmadığına qərar verməsini istəyir.