"Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında münasibətlər ortaq tarixi köklərə, türk dünyasının ümumi milli-mənəvi dəyərlərinə, qarşılıqlı hörmətə və etimada əsaslanan qardaşlıq münasibətlərinin uğurlu nümunəsidir. Son illər dövlət başçıları arasında formalaşmış yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı dövlət səfərləri və həyata keçirilən birgə layihələr əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini, strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə keçdiyini aydın şəkildə nümayiş etdirir".
Bunu Teleqraf-a açıqlamasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 iyul 2026-cı il tarixində Qırğız Respublikasına dövlət səfəri və Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə keçirdiyi görüşlər, eləcə də mətbuata verdiyi bəyanat Azərbaycan-Qırğızıstan münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi hadisə kimi xüsusi əhəmiyyət daşıyır:
"Dövlət başçısının bəyanatında səsləndirilən "Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq" fikri Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış yüksək etimad mühitinin, qarşılıqlı siyasi iradənin və uzunmüddətli strateji əməkdaşlığın ən dolğun ifadəsidir. Müttəfiqlik yalnız siyasi bəyanat deyil, eyni zamanda təhlükəsizlik, iqtisadi inkişaf, regional sabitlik və beynəlxalq platformalarda qarşılıqlı dəstək baxımından ortaq məsuliyyətin bölüşdürülməsi deməkdir.
Azərbaycan və Qırğızıstan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan xarici siyasət yürüdərək BMT, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstəyi uğurla davam etdirirlər. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə təşəbbüslər isə türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə, iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə və regional əməkdaşlığın genişlənməsinə mühüm töhfələr verir.
Dövlət səfərinin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul edilən qərardır. Bu addım iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, qarşılıqlı investisiyaların təşviqi, birgə istehsal sahələrinin yaradılması, sənaye kooperasiyasının genişləndirilməsi, nəqliyyat-logistika, kənd təsərrüfatı, enerji, rəqəmsal iqtisadiyyat və digər perspektivli istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. İnvestisiya Fondunun maliyyə imkanlarının artırılması hər iki ölkənin iqtisadi potensialının səmərəli şəkildə birləşdirilməsinə xidmət edən mühüm strateji qərardır".
S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi mühüm məqamlardan biri də Qarabağın bərpasına qardaş Qırğızıstanın verdiyi töhfə olub: "Ağdam rayonunda inşa edilən və böyük Qırğız xalqının qəhrəmanı Manasın adını daşıyan müasir məktəb iki xalq arasında dostluğun, qardaşlığın və ortaq mədəni irsin rəmzinə çevrilmişdir. Bu layihə yalnız təhsil infrastrukturu deyil, həm də Azərbaycan ilə Qırğızıstan arasında humanitar əməkdaşlığın, qarşılıqlı etimadın və türk dünyasının həmrəyliyinin parlaq nümunəsidir.
Səfər çərçivəsində qəbul edilmiş Çolpon-Ata Bəyannaməsi Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni inkişaf mərhələsinin başlanğıcını ifadə edən mühüm siyasi sənəd kimi xüsusi əhəmiyyət kəsb edir. Bəyannamə nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı, enerji təhlükəsizliyi, yaşıl enerji, rəqəmsallaşma, investisiya əməkdaşlığı və humanitar əlaqələrin daha da gücləndirilməsi istiqamətində ortaq məqsədləri özündə ehtiva edir. Bu sənəd Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin daha da dərinləşməsinə və bütövlükdə türk dünyasının iqtisadi-siyasi inteqrasiyasının möhkəmlənməsinə mühüm töhfə verir.
Dövlət səfəri çərçivəsində Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müxtəlif sahələri əhatə edən mühüm ikitərəfli sənədlərin imzalanması əməkdaşlığın hüquqi bazasının daha da möhkəmləndirilməsinə xidmət edir. İmzalanmış sənədlər iqtisadiyyat, investisiya, sənaye, kənd təsərrüfatı, nəqliyyat, təhsil, mədəniyyət, gənclər siyasəti, rəqəmsal inkişaf və digər istiqamətlər üzrə əlaqələrin daha da genişləndirilməsi üçün etibarlı əsas yaradır.
Azərbaycan Respublikasının həyata keçirdiyi uzaqgörən xarici siyasət nəticəsində türk dövlətləri arasında qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətləri ardıcıl şəkildə möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin təşəbbüsləri regionda sülhün, təhlükəsizliyin, iqtisadi inteqrasiyanın və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verir. Azərbaycan-Qırğızıstan münasibətlərinin bugünkü inkişaf səviyyəsi də məhz bu məqsədyönlü siyasətin uğurlu nəticələrindən biridir".
Deputat əminliklə qeyd edib ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər və səsləndirilmiş strateji mesajlar Azərbaycan-Qırğızıstan müttəfiqliyinin daha da möhkəmlənməsinə, türk dünyasının birliyinin güclənməsinə, regional əməkdaşlığın yeni məzmun qazanmasına və hər iki qardaş xalqın rifahına xidmət edən yeni inkişaf mərhələsinin əsasını təşkil edir.