BAKI, 31 iyul. TELEQRAF
"İranla müharibədə qalib gəlmək istəyirik. İrana çox sərt zərbə vuracağıq və bir anda onlar "dözə bilmərik" deyəcəklər".
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Tramp İranla müharibənin ABŞ üçün çox yaxşı getdiyini bildirib: "Biz sadəcə qalib gəlmək istəyirik. Hələlik çox yaxşı işlər görürük. Belə bir vəziyyətdə mümkün qədər nəzakətli olmağa çalışırıq. Məqsədimiz çox sadədir; İranın nüvə silahı olmayacaq. Biz İrana çox sərt zərbə vuracağıq və onlar bir anda deyəcəklər: "Artıq dözə bilmərik".
İranın hərbi potensialını böyük ölçüdə məhv etdiklərini iddia edən ABŞ prezidenti Tehranın yalnız məhdud miqdarda hərbi gücü qaldığını deyib: "İran çox pis vəziyyətdədir. Biz danışıqların ortasında idik. Stiv Uitkoffun mənə zəng edəcəyini gözləyirdim, amma əvəzində Pit Heqsetdən zəng aldım; o dedi ki, onlar İordaniyadakı bazalarımızdan birinə beş raket atıblar”.
Tramp İrana qarşı müharibənin Vyetnam və ya Əfqanıstan müharibələri ilə müqayisə etməyin düzgün olmadığını deyib.