BAKI, 1 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp FİFA prezidenti Canni İnfantino ilə futbol üzrə dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ideyasını heç vaxt müzakirə etmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu Kemp-Devid iqamətgahında keçirilən kabinet iclasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Xeyr, heç vaxt”, - ABŞ lideri məsələ ilə bağlı suala cavabında bildirib.
Daha əvvəl “The Times” qəzeti dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin satılması ilə bağlı Tramp administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələrin aparıldığını yazıb.
İyulda yayılan məlumatlara görə, Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarının müəyyən hissəsini özəl investorlara satmağı planlaşdırır. FİFA bu mexanizmin 4,2 milyard dollar vəsait cəlb etməyə imkan verə biləcəyini açıqlayıb.
Təşəbbüs bir sıra futbol qurumlarının etirazına səbəb olub. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) FİFA-nın himayəsi altında keçirilən turnirləri boykot etmək qərarı verib və bu mövqe qurumun 55 üzvü tərəfindən dəstəklənib. Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasının (CONCACAF) üzvləri də təklifi qəbul etməyiblər. Asiya Futbol Konfederasiyası isə FİFA-da idarəetmə islahatlarına çağırıb.