BAKI, 1 avqust. TELEQRAF
İngiltərənin “Arsenal” klubu Madrid “Real”ının braziliyalı hücumçusu Vinisius Juniorla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
Teleqraf xəbər verir ki, bu barədə “HandofArsenal” portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, London klubu yaxın vaxtlarda futbolçunun transferi üçün “Real”a rəsmi təklif göndərəcək. Mümkün transferin məbləği açıqlanmayıb.
Daha əvvəl “The Telegraph” “Arsenal”ın Vinisiusa klub tarixində rekord məvacib ödəməyə hazır olduğunu yazıb. Bildirilir ki, braziliyalı futbolçu hazırda “Real”da həftədə 400 min funt-sterlinq qazanır.
26 yaşlı Vinisius 2018-ci ilin yayından “Real”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonunadək qüvvədədir. Hücumçu “Real”ın heyətində bütün turnirlərdə keçirdiyi 375 oyunda 128 qol vurub və 100 məhsuldar ötürmə edib.
Vinisius Madrid təmsilçisi ilə üç dəfə İspaniya çempionu və ölkə Superkubokunun, iki dəfə Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.
Braziliya millisində isə Vinisius 54 oyunda 13 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.