BAKI, 15 iyul. TELEQRAF

ABŞ Senatı 2027-ci maliyyə ili üçün hərbi xərclərə 1,15 trilyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini prosedur səsverməsində qəbul etməyib.

Teleqraf xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.

Səsvermə zamanı sənədin lehinə 50 senator, əleyhinə isə 46 senator çıxış edib. Qanun layihəsinin növbəti mərhələyə keçməsi üçün ən azı 60 səs tələb olunurdu.

Məlumata görə, Demokratlar Partiyasının nümayəndələri ABŞ və İran arasında hərbi əməliyyatların yenidən başlamasını əsas gətirərək sənədi dəstəkləməyiblər. Demokrat senatorlar daha əvvəl də Vaşinqton administrasiyasının İranla bağlı siyasətini sərt tənqid etmişdilər.

ABŞ-də Pentaqonun illik büdcəsi ilə bağlı qanun layihələri adətən həm respublikaçıların, həm də demokratların dəstəyini alır.

Qeyd edək ki, ABŞ və İran arasında münasibətlərdə gərginliyin yenidən artması fonunda hərbi xərclərlə bağlı müzakirələr Vaşinqtonda siyasi mübahisələri daha da gücləndirib.