BAKI, 1 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla nüvə sazişi üzrə aparılan danışıqların memorandumda nəzərdə tutulan 60 günlük müddətdən kənara çıxmasını problem hesab etmir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp yaxın ətrafına bildirib ki, Tehranla danışıqların uzanaraq avqustun 18-dək müəyyən edilmiş son tarixdən kənara keçməsinə etiraz etməyəcək.

Nəşrin yazdığına görə, son günlər ABŞ lideri müdafiə naziri Pit Heqset və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə bir neçə görüş keçirib. Görüşlərdə İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalı müzakirə olunub.

Bildirilir ki, Tramp hesab edir ki, genişmiqyaslı hücumların bərpası diplomatik səylərə mane ola və Vaşinqtonun İranın nüvə proqramının ləğvi ilə bağlı məqsədlərinə çatmaq şansını azalda bilər. Bununla belə, ABŞ prezidentinin bu məsələ üzrə yekun qərar vermədiyi qeyd olunur.

“The Wall Street Journal”ın məlumatına görə, gərginliyi azaltmaq məqsədilə ABŞ Mərkəzi Komandanlığı ilə İran İslam İnqilabı Keşikçiləri Korpusu arasında böhran vəziyyətlərinin tənzimlənməsi üçün xüsusi rabitə kanalı yaradılıb. Ağ Ev rəsmisinin sözlərinə görə, həmin əlaqə xətti artıq fəaliyyət göstərir və hər iki tərəf tərəfindən istifadə olunur.

Xatırladaq ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi iyunun 30-da Tehran və Vaşinqton arasında təmasların hərbi deyil, siyasi kanallar vasitəsilə həyata keçirildiyini bildirmişdi.