BAKI, 28 avqust. TELEQRAF

Aİ ölkələrinin yeraltı qaz anbarlarına cari ilin aprel ayından bəri vurulan xalis qazın həcmi 39 milyard kubmetri ötüb.

Teleqraf xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) assosiasiyasının hesablamalarında qeyd olunub.

Məlumatda bildirilir ki, Avropa indiyədək qarşıdakı qış mövsümü üçün tələb olunan qaz həcminin yalnız 58%-ni anbarlara vura bilib.
Avqustun 26-na olan vəziyyətə görə, Avropanın anbarları 63,8% doludur ki, bu da son beş ilin eyni tarixi üzrə orta göstəricisindən 17,24 faiz bəndi aşağıdır. Ötən ilin müvafiq dövründə isə anbarların doluluq səviyyəsi 76,5% təşkil edib.

Hazırda Aİ ölkələrinin anbarlarında təxminən 69,7 milyard kubmetr qaz var. Bu, ötən ilin eyni dövründəki ehtiyatlardan 14,3 milyard kubmetr azdır və 2013-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.

Avropa Komissiyasının tələblərinə əsasən, Aİ ölkələri hər il oktyabrın 1-dən dekabrın 1-dək anbarların 90% səviyyəsində doldurulmasını təmin etməlidirlər. Anbarların doldurulmasında çətinlik yarandıqda 10 faizlik elastiklik nəzərdə tutulur. Beləliklə, 2026–2027-ci illərin payız-qış dövrünün əvvəlində normaya uyğun doluluq səviyyəsinə çatması üçün Avropa anbarlarına ən azı 68 milyard kubmetr xalis qaz vurulmalıdır.