BAKI, 28 avqust. TELEQRAF

Xürrəmabad Mərkəzi Həbsxanasında Taha Xavəri və Məhəmmədrza Rzayi Kənkətin edamı ilə 2026-cı ildə İranda qeydə alınan edamların sayı 500-ə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Təşkilat bildirib ki, bu il edam edilənlər arasında ən azı 16 qadın da var. 30 yaşlı Fatimə Kamalzare təşkilat tərəfindən bu il edamı qeydə alınan 16-cı qadındır.

Qeyd edilib ki, martın 18-dən bəri ən azı 31 etirazçı edam edilib. Eyni dövrdə qadağan olunmuş müxalif qruplarla əlaqəli ən azı 13 siyasi məhbus dara çəkilib. İran İnsan Haqları Təşkilatı bu rəqəmi son 30 il ərzində belə bir zaman kəsiyində siyasi məhbusların ən yüksək edam sayı kimi qiymətləndirib.

Həmçinin martın 18-dən bu yana casusluq və ya xarici dövlətlərlə əməkdaşlıq ittihamları ilə ən azı 12 nəfər də edam olunub.