BAKI, 28 avqust. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Alfa” xüsusi təyinatlıları Rusiyanın Engels şəhərində Tu-95MS raketdaşıyıcısını vurub.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
Dövlət başçısı Rusiyanın Yaroslavl vilayətindəki neft emalı zavoduna və Qara dənizdəki obyektlərə zərbələri də təsdiqləyib:
“Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin hərbçiləri Yaroslavl vilayətindəki neft emalı zavodunu vurublar. Məsafə cəbhə xəttindən 1000 kilometrdir. Qara dənizdə Rusiyanın müharibəsinə qarşı ədalətli cavablarımız da oldu. Rusiyanın Engels şəhərində SBU-nun “Alfa” döyüşçüləri Tu-95MS raketdaşıyıcısını vurublar. Rusiya məhz bu təyyarələrlə Ukraynaya zərbələr endirir”.
Zelenski hərbçilərə dəqiqliyə görə təşəkkür edərək bildirib ki, Ukraynanın uzaqmənzilli zərbələri Rusiyanın hücumlarına cavabdır: “Ruslar başladıqları müharibənin nə demək olduğunu hiss etməlidirlər”.
Xatırladaq ki, Tu-95MS Rusiyanın strateji bombardmançı-raketdaşıyıcılarından biridir və “Engels” hərbi hava bazasında bu tip təyyarələr yerləşdirilib.