BAKI, 28 avqust. TELEQRAF

ABŞ-nin “Stars and Stripes” qəzetinin bir qrup əməkdaşı işdən çıxarılmalarının qanunsuz olduğunu bildirərək Pentaqona qarşı məhkəmə iddiası qaldırıb.

Teleqraf xəbər verir ki, iddiaçılar arasında nəşrin rəhbəri, baş redaktoru və müxbiri var.

Jurnalistlər Pentaqon rəhbərliyinin ötən həftə onları işdən çıxarmaq qərarının ABŞ Konstitusiyasına Birinci Düzəlişi pozduğunu bildirirlər. Sözügedən düzəliş söz və mətbuat azadlığına təminat verir.

İddiaçıların fikrincə, onların işdən çıxarılması “USS Abraham Lincoln” aviadaşıyıcısında Yaxın Şərqdə uzanan missiya zamanı xidmət şəraitinin pisləşməsi barədə dərc olunan materiala görə qisas xarakteri daşıyıb.

Vaşinqton dairə məhkəməsinə təqdim edilən iddiada cavabdehlər sırasında Pentaqon, ABŞ-nin müdafiə naziri Pit Heqset, Pentaqonun ictimaiyyətlə əlaqələr üzrə rəsmisi Şon Parnell və onun müavini Endryu Brey göstərilib.

Jurnalistlər işdən çıxarılmaları barədə qərarın ləğv edilməsini və onlara dəymiş zərərin ödənilməsini tələb edirlər.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp avqustda “USS Abraham Lincoln” aviadaşıyıcısının qüvvələrin planlı rotasiyası çərçivəsində Yaxın Şərqdən geri qaytarıldığını təsdiqləyib. O, gəminin missiyasının həddindən artıq uzadılması ilə bağlı iddiaları rədd edib.

Bundan əvvəl “Military Times” aviadaşıyıcıda xidmət edən bir neçə hərbçinin intihara cəhd etdiyini yazmışdı. Dənizçilərin emosional vəziyyətinin pisləşməsinin səbəbləri sırasında ağır iş yükü, yorğunluq və ruh düşkünlüyü göstərilmişdi.