BAKI, 28 avqust. TELEQRAF
"Son zamanlar Rusiyada bəzi dairələr Azərbaycana qarşı təxribatçı fəaliyyətlərini daha da artırmağa çalışırlar. Fəal diaspor nümayəndələrinin deportasiya edilməsi və bir sıra media orqanlarında anti-Azərbaycan yönümlü reportajlar iki ölkə arasındakı münasibətlərə zərər vurmağa yönəlib. Bu günlərdə isə Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evinin qarşısında təxribatçı hərəkətlərin edilməsi də bunun göstəricisidir".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputatın fikrincə, belə davranışlar yersiz gərginlik yaratmağa hesablanıb:
"Görünür, Rusiya siyasi elitasında müəyyən qruplar Azərbaycanın inkişafını, uğurlarını və beynəlxalq müstəvidə güclənən mövqeyini həzm edə bilmir. Belə addımlar da Bakının müstəqil xarici siyasətinə təzyiq rıçaqları yaratmaq cəhdlərindən başqa bir şey deyil. Lakin nəzərə almaq lazımdır ki, hər iki ölkə müttəfiqlik haqqında sənəd imzalayıb. Belə olan halda, media üzərindən aparılan kampaniyalar, diaspor liderlərinin sıxışdırılması və səfirliyimizin qonaq evinin önündə törədilmiş təxribat iki tərəf arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ruhuna ziddir və rəsmi Bakının etirazlarına səbəb olur. Belə addımlar Azərbaycan ictimai rəyində anti-Rusiya meyillərinin artmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində və mediasında Rusiyanın bu hərəkətləri qeyri-dost addım kimi qiymətləndirilir, bu da ictimai rəydə şimal qonşusuna qarşı narazılığı artırır".
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya səması üzərində vurulmasından sonra tərəflər arasında yaranmış müəyyən gərginliyin arxada qalxdığı rəsmi şəxslər tərəfindən dəfələrlə səsləndirilib. Amma belə çıxır ki, Rusiyada müəyyən dairələr gərginliyin davam etməsində maraqlıdır.
Samir Vəliyev qeyd edib ki, rəsmi Bakı baş vermiş hadisə ilə bağlı haqlı olaraq etirazını ifadə edib. Xarici İşlər Nazirliyinin bəyanatında Rusiya Federasiyasının aidiyyəti qurumları bu kimi təxribatçı əməllərə lazımi hüquqi qiymət verməyə, insidentin hərtərəfli araşdırılmasını təmin etməyə və bu cür halların təkrarlanmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırılıb. Moskva 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olaraq Azərbaycanın Rusiyadakı Səfirliyinin və onun əməkdaşlarının təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsinə, habelə diplomatik nümayəndəliyin normal fəaliyyətinə mane ola biləcək hər hansı təxribatçı hərəkətlərin qarşısının alınmasına dair öhdəliklərini tam şəkildə yerinə yetirməlidir.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə normal, mehriban və bərabərhüquqlu münasibətlərin davam etməsinin tərəfdarıdır. Rusiya ilə bağlı yaranan hansısa məsələlərin səbəbkarı da ölkəmiz deyil. Yaxşı olar ki, rəsmi Moskva gərginliyə yol aça bilən halların qarşısını almaq üçün Rusiya daxilində müəyyən qüvvələrə qarşı tədbirlər görsün.
"Bu gün Azərbaycan regionda söz sahibi olan güclü dövlətdir. Ölkəmiz Cənubi Qafqazda yeni reallıqların müəllifi olmaqla yanaşı dünya üçün çox önəmli məkandır. Artıq Azərbaycan beynəlxalq münasibətlər sistemində orta güc kimi qəbul olunur. Bütün bunların fonunda heç kim ölkəmizlə təzyiq dili ilə danışa bilməz. Buna cəhd edənlərlə bağlı ölkəmiz tərəfindən tədbirlər görülüb və görüləcək. Azərbaycanla münasibətləri pozmaq istəyənlər sonda uduzan tərəf olur. Rusiya da bunu nəzərə almalıdır" - deyə, deputat vurğulayıb.