BAKI, 28 avqust. TELEQRAF

Avstraliyada könüllü evtanaziya ölkənin bütün ərazisində qanuni olub. Buna səbəb prosedurun qadağan edildiyi son region olan Şimal Ərazisində onun leqallaşdırılması barədə qanunun qəbul edilməsidir.

Teleqraf xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Şimal Ərazisi parlamentinin qəbul etdiyi yeni qanuna əsasən, ölümlə nəticələnə biləcək sağalmaz xəstəlikdən əziyyət çəkən və 12 ay ərzində ölməsi gözlənilən hər bir şəxs könüllü evtanaziya prosedurunun həyata keçirilməsini tələb edə bilər.

Tibb işçilərinə isə könüllü evtanaziya mövzusunu xəstənin özü qaldırmadan onunla müzakirəyə başlamaq qadağan ediləcək.

Şimal Ərazisi 1995-ci ildə könüllü evtanaziyanı qanuniləşdirən Avstraliyanın ilk regionu olmuşdu. Amma federal hökumətin müdaxiləsindən sonra bu qanun iki il sonra ləğv edilmişdi.