BAKI, 28 avqust. TELEQRAF

“Serbiya Bosniya serblərinin keçmiş ordu komandanı general Ratko Mladiçin dəfnini dövlət səviyyəsində, təntənəli şəkildə təşkil edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə Serbiyanın ədliyyə naziri Nenad Vujiç bildirib.

“Mladiç generaldır və protokollar məlumdur. Generala düşən bütün dövlət ehtiramı göstəriləcək”, - nazir deyib.

Ratko Mladiç avqustun 27-də 84 yaşında Haaqa həbsxanasında ölüb.

Qeyd edək ki, “Bosniya qəssabı” ləqəbli Mladiç Bosniya müharibəsi (1992-1995) zamanı separatçı serb ordusunun - VRS-in Baş Qərargah rəisi və əsas hərbi komandanı olub. O, bu vəzifədə 1992-ci ildən 1996-cı ilə qədər fəaliyyət göstərib. Xüsusilə Srebrenitsa soyqırımı, Sarayevonun uzunmüddətli mühasirəsi və Bosniya müharibəsi zamanı serb qüvvələrinin həyata keçirdiyi digər ağır cinayətlərin iştirakçısı olub.

1995-ci ilin iyulunda separatçı serb qüvvələri Srebrenitsanı ələ keçirdikdən sonra minlərlə bosniyalı müsəlman öldürülüb, çoxlu sayda insan köçə məcbur edilib. Beynəlxalq Cinayətlər Məhkəməsi Mladiçi bu hadisələrdəki məsuliyyətinə görə soyqırımında təqsirli bilib.

Ratko Mladiç uzun illər gizlənsə də, 2011-ci ildə Serbiyada həbs olunub və Beynəlxalq Cinayətlər Tribunalına təhvil verilib.

2017-ci ildə Haaqa Tribunalı onu soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, müharibə qanunlarının və adətlərinin pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.