BAKI, 17 fevral. TELEQRAF

ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton həyat yoldaşı, keçmiş prezident Bill Klintonun pedofiliya və çoxsaylı digər cinayətlərdə ittiham olunan maliyyəçi Ceffri Epşteynin yaxın dostları arasında olmadığını iddia edib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Der Spiegel”ə verdiyi müsahibədə bildirib.

“Bill ona yaxın deyildi. Bir neçə dəfə Epşteynin təyyarəsindən xeyriyyə layihələrini ziyarət etmək üçün istifadə edib. Bu, Epşteynin cinayətkar olduğunu etiraf etməsindən illər əvvəl baş verib. Epşteyn öz cinayətlərini məhkum olunana qədər gizlədirdi”, - o deyib.

Hillari Klinton həmçinin vurğulayıb ki, Epşteyn işi üzrə materiallarda minlərlə insan və bəzən çox tanınmış şəxslər qeyd olunub:

“Yalnız adın çəkilməsi nəticə çıxarmağa səbəb olmamalıdır, sübut tələb olunur. Əgər bir insan məsuliyyətə cəlb olunmalıdırsa, bu baş verməlidir”.