BAKI, 12 noyabr. TELEQRAF

El-Nino tarixi rekorda yaxınlaşır: 1950-ci ildən bəri ən güclü iqlim hadisəsi olacağı ehtimalı 83 faiz qiymətləndirilir.

Teleqraf xəbər verir ki, bu barədə “The Watchers” məlumat yayıb.

Sakit okeanda El-Nino iqlim hadisəsi güclənməkdə davam edir. ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) son məlumatına əsasən, 2026-cı ilin avqust-oktyabr aylarında El-Nino göstəricisi +2,0°C-yə çatıb. Bu, 1950-ci ildən bəri həmin dövr üçün qeydə alınmış ikinci ən yüksək göstəricidir.

İndiyədək rekord 1997-1998-ci illərdəki El-Nino hadisəsinə məxsusdur. Həmin vaxt göstərici +2,07°C təşkil edib.

İki hadisə arasındakı fərq tədricən azalır. Hazırkı El-Nino inkişafının eyni mərhələsində 2015-2016-cı illərdəki hadisəni intensivliyinə görə artıq geridə qoyub.

Proqnozlara əsasən, hazırkı El-Ninonun ilin sonunadək 1950-ci ildən bəri qeydə alınmış bütün əvvəlki hadisələri geridə qoyması ehtimalı 83 faizdir.

Mütəxəssislər Sakit okeanda güclü istiləşmənin ən azı 2027-ci ilin yanvar-mart aylarınadək davam edəcəyini, bundan sonra isə zəifləməyə başlayacağını gözləyirlər. Neytral iqlim şəraitinə qayıdışın yaz aylarında baş verəcəyi ehtimal olunur.

Bununla belə, bəzi əlamətlər El-Ninonun güclənmə tempinin zəiflədiyini göstərir. Sakit okeanın mərkəzi və şərq hissələrində səthaltı suyun temperaturunun yüksəlməsi dayanıb və ya xeyli zəifləyib. Amma səth suları hələ də xeyli istidir.

El-Ninonun təsirləri artıq hava şəraitində özünü göstərir. ABŞ-də Atlantik okeanında qasırğa mövsümü noyabrın əvvəlinə olan vəziyyətə görə son yüz ilin ən zəif mövsümlərindən biri olub. Bunun əksinə olaraq, bəzi şəhərlərdə payız rekord miqdarda yağıntı ilə yadda qalıb.

Adətən qış aylarında El-Nino ABŞ-nin cənubunda fırtınaların sayının artmasına, şimal bölgələrində isə daha mülayim və quraq havanın hökm sürməsinə səbəb olur. Qarşıdakı mövsümdə bu dəyişikliklərin nə dərəcədə güclü olacağı isə iqlim hadisəsinin sonrakı inkişafından asılıdır.

El-Nino atmosfer dövranına təsir göstərərək yağıntıların bölgələr üzrə paylanmasını dəyişir. Nəticədə bəzi ərazilərdə daşqınlar, digər bölgələrdə isə uzunmüddətli quraqlıqlar yarana bilər. Bundan əlavə, bu iqlim hadisəsi qlobal orta temperaturun müvəqqəti yüksəlməsinə səbəb olur.