BAKI, 17 noyabr. TELEQRAF

ABŞ-nin iri bankları olan “JPMorgan Chase”, “Bank of America”, “Wells Fargo” və “Capital One”ın müştəriləri onlayn xidmətlərin işində ciddi problemlərlə üzləşiblər.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.

“Downdetector” xidmətinin məlumatına görə, “Chase” bankının fəaliyyəti ilə bağlı 3,3 mindən çox, “Bank of America” və “Wells Fargo” ilə əlaqədar isə ümumilikdə 1,4 minə yaxın şikayət qeydə alınıb.

Müştərilər mobil bank tətbiqlərinə daxil ola bilmədiklərini və hesabları barədə məlumat əldə etməkdə çətinlik çəkdiklərini bildiriblər. “Zelle” pulköçürmə sisteminin istifadəçiləri də oxşar problemlərlə üzləşiblər.

“Chase” bankının nümayəndəsi texniki nasazlığı təsdiqləyərək bəzi əməliyyatların icrasının gecikdiyini, lakin müştərilərin hesablarına və vəsaitlərinə çıxış imkanının saxlanıldığını açıqlayıb.

“Zelle” isə sistemin normal işlədiyini, problemlərin banklarla əlaqəli olduğunu bildirib.

Bir neçə iri maliyyə qurumunda eyni vaxtda yaranan nasazlığın səbəbləri hələlik müəyyən edilməyib.