BAKI, 30 avqust. TELEQRAF

Avropa İttifaqı (Aİ) ölkələri Qəzza zolağında baş verən humanitar fəlakətə baxmayaraq, İsrailə qarşı hətta ən yüngül sanksiyaları qəbul etməkdə belə ortaq mövqeyə gələ bilmirlər.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaja Kallas məlumat verib.

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə çıxış edən Kallas bildirib ki, Avropa Komissiyasının verdiyi çox yumşaq təkliflər belə razılaşdırılmayıb. Söhbət, xüsusilə, İsrailin Aİ-nin "Horizon" adlı tədqiqat proqramından uzaqlaşdırılması kimi diplomatik addımlardan gedir.

Aİ daxilində İsrailə münasibətdə fikir ayrılıqları uzun müddətdir mövcuddur. Qəzza zolağında davam edən hərbi əməliyyatlar və humanitar böhrana baxmayaraq, bir sıra üzv dövlətlər İsrailə qarşı sanksiyaların tətbiqinə ehtiyatla yanaşır.