BAKI, 10 sentyabr. TELEQRAF

“COP31-ə qədər əsas diqqət daha güclü tərəfdaşlıqlara, investisiyaların artırılmasına, regional iştirakın genişləndirilməsinə və Paris Sazişinin məqsədlərinə uyğun real həllərin həyata keçirilməsinə yönəlməlidir”.

Teleqraf xəbər verir ki, bu fikirləri Bakıda keçirilən IV İqlim Həftəsində COP30-un iqlim üzrə yüksək səviyyəli çempionu Dan İoşpe bildirib.

O vurğulayıb ki, iqlim həllərinin həyata keçirilməsi prosesi sürətlənir:

“İyunda Bonn konfransından əvvəl dərc olunan aralıq hesabata əsasən, plan rəhbərlərinin 82 faizi əldə olunan irəliləyişlə bağlı məlumatı təqdim edib. 90-dan çox ölkə bu planlarda iştirak edir və ya onlardan faydalanır. Həmçinin, 2026-cı ildə 43 milyard dollar həcmində dayanıqlı sənaye layihəsi yekun investisiya həddinə çatıb ki, bu da ötən illik templə müqayisədə iki dəfədən çoxdur.

İlk dəfə planların 39 faizində hökumətlər birbaşa iştirak edib. Bu gün Bakıda başlatdığımız təşəbbüs noyabrda Antalyada aparacağımız işin bir hissəsidir”.