BAKI, 10 sentyabr. TELEQRAF

Bu gün ASAN konsepsiyası dörd qitədə 40-dan çox ölkə ilə bölüşülüb. Pakistan, İndoneziya, Efiopiya, Uqanda, Özbəkistan və Əfqanıstan kimi ölkələrdə ASAN modeli əsasında dövlət xidmətləri mərkəzləri yaradıblar.

Teleqraf xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.

O qeyd edib ki, bu, Azərbaycan innovasiyasının beynəlxalq inkişaf əməkdaşlığının konkret alətinə çevrilmək bacarığının nümunəsidir:

“Bu modelin qlobal miqyasda yayılmasının miqyası hər şeyi göstərir. Bu gün dünyanın müxtəlif yerlərində 600-dən çox mərkəz ASAN prinsipi əsasında fəaliyyət göstərir, 800 milyondan çox insana – dünya əhalisinin təxminən 10 faizinə xidmət edirr”.