BAKI, 10 sentyabr. TELEQRAF

Bu ilin sonunda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin inkişaf əməkdaşlığı qurumları xüsusi görüş üçün bir araya gələcək.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.

O qeyd edib ki, görüşün məqsədi prioritetləri uzlaşdırmaq, üçüncü ölkələrdə səyləri əlaqələndirmək və türk dünyasının qlobal inkişaf sahəsində vahid mövqedən çıxış etməsinə imkan yaratmaqdır:

“Bu institusional sinerji, əlbəttə ki, daha böyük bir təməlin – Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlığın təbii əksidir. Bu qardaşlıq ortaq xarici siyasət baxışına və strateji uzlaşmaya əsaslanır”.