BAKI, 10 sentyabr. TELEQRAF
Son onilliklər ərzində Azərbaycan humanitar yardım və inkişaf əməkdaşlığı sahəsində etibarlı tərəfdaşa çevrilib.
Teleqraf xəbər verir ki, bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
O qeyd edib ki, bu yolun diqqətçəkən məqamı Azərbaycanın özünün keçdiyi transformasiyadır:
“Çox da uzaq olmayan keçmişdə ölkəmiz keçid dövrünün və münaqişənin yaratdığı çətinliklərin öhdəsindən gəlmək üçün beynəlxalq yardıma ehtiyac duyurdu. Bu gün isə Azərbaycan donor ölkə kimi çıxış edir. Yardım alan ölkədən donor ölkəyə keçid sadəcə rəqəmlərdəki dəyişiklik deyil. Bu, inkişafın hamımızın birlikdə keçdiyi bir yol olduğuna dair daha dərin inamı əks etdirir.
Bu baxışın ən aydın ifadələrindən biri ASAN xidmət modelidir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət xidmətlərinin göstərilməsi üçün çoxkanallı model kimi yaradılan ASAN xidmət vətəndaşlarla dövlət arasındakı münasibətləri transformasiya edib, bürokratiyanı səmərəliliklə əvəz edib, şəffaflıq və innovasiyanı təşviq edib”.
Ü. Mehdiyev əlavə edib ki, hesabatlılıq və sadəlik prinsipləri üzərində qurulan ASAN xidmət təkcə ölkə daxilində deyil, getdikcə bütün dünyada yüksək qiymətləndirilən yaxşı idarəetmə simvoluna çevrilib:
“Bu, dövlət xidmətlərinin göstərilməsi proseslərinə innovasiya və müasir texnologiyaların tətbiqini nəzərdə tutan unikal konsepsiyadır və Azərbaycan bunu həyata keçirən ilk ölkələrdən biri olub”.