BAKI, 10 sentyabr. TELEQRAF
İnkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişikliyi yalnız ekoloji problem deyil. Bu, eyni zamanda inkişaf, maliyyə və humanitar problemdir.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
Nazir qeyd edib ki, bu problemin həlli maliyyə resurslarının texniki ekspertiza, institusional potensialın gücləndirilməsi və insan kapitalına investisiyalarla birləşdirilməsini tələb edir:
“Bu irsin mühüm hissələrindən biri Azərbaycanın COP29 sədrliyi dövründə yaradılmış Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzidir. Mərkəz iqlim dəyişikliyinə həssas və münaqişələrdən zərər çəkmiş ölkələr üçün praktiki əməkdaşlığın inkişaf etdirilməsinə xidmət edir. Bakı Mərkəzi artıq hökumətləri, beynəlxalq təşkilatları və maliyyə institutlarını bir araya gətirərək dəstəyi səfərbər edir, milli potensialı gücləndirir və həssas ölkələrin ehtiyaclarına uyğun konkret pilot layihələr hazırlayır.
Ekspertiza və resursları birləşdirməklə tərəfdaş ölkələrin özlərinin müəyyən etdiyi prioritetlərə cavab verərkən yardımımızın əhatə dairəsini və səmərəliliyini artıra bilərik”.
C. Bayramov konfrans çərçivəsində AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Anlaşma Memorandumu imzalanacağı ilə bağlı məmnunluğunu ifadə edib:
“Bu, iki inkişaf agentliyimiz arasında daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və tərəfdaş ölkələrdə birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarının araşdırılması üçün çərçivə yaradacaq. Bu, Azərbaycan və Türkiyə arasındakı strateji münasibətlərin, eləcə də sərhədlərimizdən kənarda davamlı inkişafa töhfə vermək istiqamətində ortaq öhdəliyimizin təbii əksidir”.