BAKI, 10 sentyabr. TELEQRAF
Azərbaycan üçün inkişaf əməkdaşlığı yalnız maliyyə yardımı göstərilməsi demək deyil. Yanaşmamızın getdikcə daha mühüm hissəsini bilik, təcrübə və uğurlu milli təcrübənin paylaşılması təşkil edir.
Teleqraf xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
O bildirib ki, Cənub-Cənub əməkdaşlığı çərçivəsində Azərbaycan elektron idarəetmə, dövlət xidmətləri, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə öz təcrübəsini bölüşüb:
“ASAN xidmət modelinə artan maraq Azərbaycanın öz inkişaf təcrübəsinin tərəfdaş ölkələrin ehtiyaclarına uyğunlaşdırıla bilməsinin praktiki nümunəsidir.
Bu yanaşma iqlim fəaliyyəti sahəsinə də şamil olunur. Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin artırılması əsas prioritetlərimizdən biri olub.
COP29-da 2035-ci ilədək illik ən azı 300 milyard ABŞ dolları həcmində yeni kollektiv kəmiyyətləşdirilmiş məqsəd müəyyən edilib. Bununla yanaşı, 2035-ci ilədək iqlim maliyyələşməsi axınlarının illik 1,3 trilyon ABŞ dollarına çatdırılmasını hədəfləyən Bakıdan Beləmə Yol Xəritəsi qəbul edilib”.