BAKI, 10 sentyabr. TELEQRAF

Əminəm ki, Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığının növbəti mərhələsi akademik tərəfdaşlıqların gücləndirilməsi, bilik və təcrübə mübadiləsi, eləcə də tərəfdaş ölkələrdə bacarıqlı və rəqabətqabiliyyətli insan kapitalının inkişafına töhfə vermək üçün yeni imkanlar yaradacaq.

Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.

“Bizim təhsil sahəsində əməkdaşlıqla bağlı baxışımız yalnız Azərbaycanda təhsil almaq imkanlarının yaradılması ilə məhdudlaşmır. Son illərdə Azərbaycan STEAM əsaslı təhsili tənqidi düşüncə, yaradıcılıq, əməkdaşlıq və problemlərin həlli kimi bacarıqlarla birləşdirən fənlərarası yanaşmanın inkişafına əhəmiyyətli investisiyalar yatırıb.

Azərbaycanın təcrübəsinə əsaslanaraq Qırğız Respublikasında Heydər Əliyev adına Məktəb-Gimnaziyada və Özbəkistan Respublikasında Abdulla Avloni adına Milli Pedaqoji Mükəmməllik İnstitutunda STEAM mərkəzləri yaradılıb”, - deyə nazir qeyd edib.

O, əlavə edib ki, ölkələr yalnız maliyyə resursları vasitəsilə deyil, həm də öz milli kontekstlərində səmərəliliyini nümayiş etdirmiş bilikləri, metodologiyaları və həlləri paylaşmaqla töhfə verə bilərlər:

“Məhz belə əməkdaşlıq vasitəsilə humanitar ehtiyacları qarşılamaq və davamlı inkişafa töhfə vermək üçün kollektiv imkanlarımızı gücləndirə bilərik”.