BAKI, 10 sentyabr. TELEQRAF
UNOSSC ilə AIDA, eləcə də Azərbaycan hökuməti arasında tərəfdaşlığın daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirik.
Teleqraf xəbər verir ki, bunu BMT-nin Cənub-Cənub Əməkdaşlığı Ofisinin (UNOSSC) direktoru Dima Əl-Xatib Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransa video müraciətində deyib.
O bildirib ki, ölkələr həll yollarını bölüşdükdə, bir-birinin institutlarını gücləndirdikdə və bilikləri yerli prioritetlərə uyğunlaşdırdıqda həmrəylik real məzmun qazanır.
“Belə əməkdaşlıq qarşılıqlılıq və etimad üzərində qurulur. Bu yanaşma hər bir ölkənin həm imkanlara, həm də ehtiyaclara malik olduğunu qəbul edir.
Bu gün maliyyə təzyiqləri, iqlim dəyişikliklərinin yaratdığı şoklar, texnoloji reallıqlar və davamlı bərabərsizlik inkişaf sahəsində əldə olunmuş tərəqqini sınağa çəkir. Cənub-Cənub və üçtərəfli əməkdaşlıq ölkələrin öz təşəbbüsü ilə həyata keçirilən, milli sahibliyə, qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanan tərəfdaşlıqlar vasitəsilə bu çağırışlara praktiki cavab təklif edir.
Sabah biz Cənub-Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyansı rəsmi olaraq işə salacağıq. Alyans həll yolları axtaran ölkələri bilik, ekspertiza və katalitik dəstək təklif edən tərəfdaşlarla əlaqələndirəcək.
UNOSSC ilə AIDA, eləcə də Azərbaycan hökuməti arasında tərəfdaşlığın daha da dərinləşdirilməsini səbirsizliklə gözləyirik”, - deyə o bildirib.