BAKI, 10 sentyabr. TELEQRAF
Mürəkkəb problemlərin həllində insanlara, biliyə, bacarıqlara və institutlara uzunmüddətli investisiyaların əhəmiyyəti getdikcə artır.
Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.
“Təcrübəmiz göstərir ki, təhsilə investisiyanın faydaları təhsil sisteminin öz hüdudlarından çox-çox kənara çıxır.
Buna görə də biz təhsili beynəlxalq əməkdaşlığın mühüm komponenti hesab edir və bu yanaşmanı tərəfdaş ölkələrdən olan gənclər üçün praktiki imkanlara çevirməyə daim çalışırıq.
Bu baxımdan ən mühüm mexanizmlərdən biri beynəlxalq təhsil qrantı proqramlarımızdır. 2018–2023-cü tədris illəri ərzində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş xüsusi təhsil qrantı proqramları təxminən 200 xarici tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı verib”, - deyə nazir qeyd edib.
O əlavə edib ki, bu təcrübəyə əsaslanaraq 2023-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə yeni və daha genişmiqyaslı təşəbbüs – Heydər Əliyev Beynəlxalq Təhsil Qrantı Proqramı təsis edilib:
“Proqram 5 il ərzində 500 xarici tələbəyə Azərbaycanda ali təhsil almaq imkanı yaradır.
Proqramın yalnız ilk ilində 35 ölkəni təmsil edən 100 tələbəyə qrant verilib. Növbəti ildə isə proqramın coğrafi əhatə dairəsi 51 ölkəyə genişlənib”.