BAKI, 17 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Ukrayna istehsalı olan pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının ABŞ-ın hərbi yardımı müqabilində verilməsini təklif edib.
Teleqraf xəbər verir ki, Zelenski bu barədə "The New York Post" qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, tərəflər ABŞ-ın Ukraynaya silah tədarükünü davam etdirməsi müqabilində, döyüş sınağından keçmiş Ukrayna dronlarının texnologiyasının ABŞ-a ötürülməsini nəzərdə tutan meqa sövdələşməni nəzərdən keçirirlər.
"Amerika xalqının bu texnologiyaya ehtiyacı var və biz onu öz arsenalımızda saxlamalıyıq", - deyə Zelenski bildirib.
Qəzetin ekspertlərinin fikrincə, ABŞ hazırda dron texnologiyası sahəsində Rusiya və Çindən xeyli geri qalır. Ekspertlər həmçinin qeyd ediblər ki, Amerika əsgərləri İHA-lardan istifadəyə və düşmən pilotsuz sistemlərinə qarşı müdafiəyə zəif hazırdırlar.
Xatırladaq ki, iyulun 14-də Tramp bəyan edib ki, Vaşinqton Avropanın silah tədarükü xərclərini qarşıladığı halda, Kiyevə yardım etməyə davam edəcək və bu prosesin NATO tərəfindən koordinasiya olunacağını əlavə edib. Məhz bu açıqlamadan sonra Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub.