BAKI, 10 sentyabr. TELEQRAF
1920-ci ildə Rusiyanın Azərbaycan Cümhuriyyətini işğalından sonra hökumətdə nüfuz sahibi olan Rüstəmbəylilər ailəsindən olan iki qardaş – Cəfər bəy və Şəfi bəyin taleləri tamamilə dəyişir. Azərbaycan parlamentində millət vəkili olmuş, eləcə də “Azərbaycan” qəzetinin rus dilində olan versiyasını çıxarmış Şəfi bəy Rüstəmbəyli əvvəlcə Tiflisə, daha sonra İstanbula mühacirət edir. Hökumətin Kubandakı təmsilçisi Cəfər bəy Rüstəmbəyov isə Azərbaycanda qalsa da, oğlu Şükür bəyi (Türkiyədə Şükrü) qardaşına əmanət edir.
Cəfər bəy 1884-cü ildə Qəbələ mahalının Aydınqışlaq kəndində doğulub. Xarkov Universitetinin tibb fakültəsini bitirib, burun vә qulaq xәstәliklәri üzrә hәkim ixtisasına yiyәlәnib. Professor Ədalət Tahirzadənin yazdığına görə, universitetdә oxuyarkәn tәlәbә hәrәkatında fәal iştirak edib, 1905-1910-cu illәrdә sosialist inqilabçılar (eserlәr) partiyasının üzvü olub, bu tәşkilatın silahlı qurumuna daxil olub. 1911-ci ildә hәrbi hәkim kimi xidmәtә çağırılıb. Birinci Dünya müharibәsi başlayınca 58-ci piyada alayının, sonra isә Krımda lazaretin hәkimi tәyin edilib. Müharibә qurtardıqdan sonra Simferopolda özәl hәkimliklә mәşğul olub.
3 aprel 1919-cu ildə Azərbaycan hökumətinin Baş naziri Fətəli xan Xoyskinin əmriylə Cəfər bəy ölkənin Kuban hökumətindəki diplomatik nümayəndəsi təyin edilib. 1920-ci ildə isə Ticarәt, Sәnaye vә Ərzaq Nәzarәti naziri Mәhәmmәdhәsәn Hacınskinin müavini kimi fəaliyyətə başlayıb.
Bolşevik işğalından sonra bir müddət həbs edilib, daha sonra həkimliyi gərəkli olduğu üçün buraxılıb. 1922-ci ildә ZSFSR Dövlәt Ticarәt Kollegiyasının üzvü seçilib, eyni zamanda Zaqafqaziya Dәmiryolu sәhiyyә şöbәsinin müdiri vәzifәsindә çalışıb.
İddialara görə bu dövrdə Cəfər bəy İstanbulda Məhəmmədəmin Rəsulzadənin rəhbərlik etdiyi Azərbaycan Milli Mərkəzinin gizli üzvü kimi də fəaliyyət göstərib. Nəticədə 1931-ci ildə Milli Mərkəzin Azərbaycandakı 53 üzvü ilə birlikdə istintaqa cəlb olunub, 6-7 ay müddətində həbsxanada yatıb.
Maraqlı bir faktı da qeyd edək ki, Cəfər bəy 1920-ci illərdə İstanbulda olub, qardaşı Şəfi bəyi və oğlu Şükrünü görə bilib. M.Rəsulzadənin iddiasına görə, Cəfər bəyi bolşeviklər xüsusi məqsədlə göndərmişdilər. O, Şəfi bəy Rüstəmbəyli ilə arasında baş verən qarşıdurmalarla bağlı qələmə aldığı “Şəfibəyçilik” əsərində yazırdı:
“Qardaşı, mən istisna olmaqla, bütün mühacirlərin geri qayıtmalarını təklif etdi. Buna isə yalnız bir şərt qoyurdu, “Yeni Kafkasya” qapanacaq və mən bolşeviklər əleyhinə təbliğatı dayandıracağam. Bu təklifi o, şəxsən mənə Şəfi bəyin evində söylədi və məndən bu cavabı aldı:
- Mirzə Davudlara söylərsən ki, son qırmızı rus əsgəri Poylu stansiyasını keçincə “Yeni Kafkasiya”nın da son nüsxəsi çıxacağına sizə təminat verirəm”
- Bu necə olur? -deyə Şəfi bəyin qardaşı heyrətini gizlətmədikdə mən də ona:
- Bəs necə olur ki, siz mənə belə bir təkliflə müraciət edirsiniz, - dedim və qalxdım.
Şəfi xatırlayırsa, qardaşının bu gəlişindən sonra neçə illərdən bəri evli olan bir Azərbaycan siyasi mühacir ailəsi işlərini tamamlayaraq, Bakıya qayıtdı”.
Cəfər bəyin həm Milli Mərkəzin Bakıdakı gizli üzvü olması, həm də Rəsulzadəyə belə bir təkliflə müraciət etməsi arasında bir təzad görünsə də, dövrün mütəmadi dəyişən ab-havası arasında bu kimi hadisələr mümkündü. Necə ki, 1937-ci ildə SSRİ-də kütləvi repressiya zamanı Cəfər bəy yenidən tutulub, 1938-ci ilin martında həbsxanada vəfat edib.
Şükür Rüstəmbəylinin macəralı həyatı
Cəfər bəy Rüstəmbəylinin ilk evliliyindən Şükür və Əhməd adlı iki övladı olub. Şükür bəy 1907-ci ildə Qəbələdə doğulub. Qardaşı Şəfi bəy onu İstanbulda mükəmməl şəkildə yetişdirməyə çalışıb. Professor Ədalət Tahirzadənin yazdığına görə, “Şükür bəy Almaniyada oxuyaraq mühәndis diplomu alıb, Türkiyәdә işlәyib. Daha sonra ABŞ-yə köçüb. Kaliforniyada evlәnib vә orada qapalı hәrbi müәssisәdә konstruktor işlәyib, elә Kaliforniyada da dünyasını dәyişib. Onun iki qızı vardı. Yoldaşının vә qızlarının adları bilinmir, çünki Bakıdakı Rüstәmbәylilәrin onlarla heç zaman әlaqәsi olmayıb”.
Şükür bəyin İstanbuldakı və ABŞ-dəki həyatı ilə bağlı bir təsadüf nəticəsində məlumat əldə edə bildik. Belə ki, Robert Lay adlı müəllif 1998-ci ildə dərc etdirdiyi “İmpedans transformasiya edən qurğunun keçid prosesinin təhlili” adlı araşdırmasının girişində mühüm bir qeyd verib: “Bu əsər mənə Goldmanın kitabını verən, həm də çox əziz dostum və müəllimim olmuş Şükrü Cəfər Duruselə ithaf edilmişdir. Şükrü Rusiyada Rüstəmbəyov soyadı ilə anadan olmuş, inqilab dövründə Türkiyəyə qaçmış, Varşava Universitetində və Parisdə Sorbonnada təhsil almışdır. O, rus, polyak, fransız, türk və ingilis dillərində danışırdı. O, 1960-cı ilin sonlarından 1965-ci ilin əvvəllərinədək mənim müəllimim və yol göstərənim olmuşdur. 1965-ci ilin iyulunda qəflətən vəfat etmişdir. Mən ona ömrümün sonunadək minnətdar qalacağam”.
Bu qiymətli qeyddə həm Şükrü bəyin atasının adı, həm də Azərbaycandakı soyadı açıq şəkildə qeyd olunub. Demək ki, Şükrü bəy Türkiyədə 1934-cü il soyad qanunundan sonra Şükrü Durusel ad-soyadını seçib, sonrakı həyatında da bu kimliklə tanınıb.
(Robert Lay (1930–2016) — amerikalı elektrik mühəndisi, radiohəvəskarı və müəllim olub. 13 mart 1930-cu ildə Çikaqoda anadan olub. Purdue Universitetində elektrik mühəndisliyi üzrə təhsil alıb və sonralar ABŞ Dəniz Akademiyasında müəllim kimi fəaliyyət göstərib. Hərbi-dəniz qüvvələri ilə də əlaqəsi olub və USS Sarasota gəmisinin heyətində xidmət edib. Sonrakı illərdə, xüsusilə ötürücü xətlər, impedans və radioelektronika mövzularında texniki araşdırmalar və məqalələr hazırlayıb. Onun mühəndislik maraqlarının əsas istiqamətlərindən biri ötürücü xətlərdə siqnalların yayılması və impedans transformasiyasının öyrənilməsi olub. Robert Lay 30 oktyabr 2016-cı ildə 86 yaşında vəfat edib).
Tədqiqatımız zamanı Şükrü Duruselin vəfatı ilə bağlı 1965-ci ildə “Elektrik Mühendisliği” jurnalının 106-cı sayında kiçik bir nekroloqa da rast gəldik. Fotoşəkli ilə birgə verilmiş nekroloqda yazılıb: “Üzvümüz Şükrü Durusel 29 iyul 1965-ci ildə Amerikada ürək tutması nəticəsində vəfat etmişdir. 1327-ci ildə (Rumi təqvimlə -D.Ə) Azərbaycanda anadan olan Şükrü Durusel 1938-ci ildə Paris Fənn Fakültəsinin Ali Elektrik Məktəbini Elektrik üzrə yüksək mühəndis ixtisası ilə bitirmişdir. Uzun illər PTT Baş İdarəsinin İstanbul Satınalma Komissiyasının sədrliyində çalışmış, daha sonra buradan ayrılaraq Amerikadakı Raytheon Elektrik Fabrikində işləməyə başlamışdır. Evli olan mərhuma Allahdan rəhmət, kədərli ailəsinə və yaxınlarına başsağlığı diləyirik”.
Şükrü bəylə bağlı digər bir maraqlı fakt onun Polşada təhsil alarkən Prometey təşkilatından təqaüd almasıdır. Belə ki, 6 dekabr 1932-ci ildə Varşavada hazırlanmış sənədə görə Polşa Baş Qərargahının II Ekspozitura şöbəsinin prometeyçi mühacirlər arasından olan təqaüdçülər haqqında daxili qeydində onun da adı var. Görünür, Şükrü bəy Varşavadan sonra təhsilini Parisdə davam etdirib, daha sonra Türkiyəyə qayıdıb.
Türkiyə dövlət arxivindəki bir sənədə görə 1946-cı ildə radar cihazlarının mülki aviasiyada tətbiqi məsələsinə dair Londonda keçirilən toplantıda Şükrü Duruselin iştirakı nəzərdə tutulub, həmin səfərlə əlaqədar ona gündəlik ezamiyyə haqqı təyin edilib. Eləcə də 24 noyabr 1953-cü ildə telekommunikasiya qurğularının satın alınması ilə bağlı hesabat hazırlayan texniki heyətin üzvlərindən olub.
1946-cı ildə İstanbulda Şükrü Duruselin tərcüməsində A.S. Kasatkin ilə M.A. Perekalinin “Ümumi elektrotexnika. Birinci cild. Elektrotexnikanın əsasları”, 1948-ci ildə isə Karl Adolfoviç Krugun (1873–1952) məşhur “Elektrotexnikanın əsasları” əsəri türk dilində işıq üzü görüb.
.jpg)
22 fevral 1964-cü ildə Elektrik Mühəndisləri Odası Gönç Palas adlı yerdə keçirilən xüsusi bir ziyafətdə bir neçə əməkdaşla birgə Şükrü bəyə məslək həyatında 25-ci ildönümü münasibətilə fəxri diplom verib.
Şükrü bəyin Amerika həyatı ilə bağlı əlimizdə başqa bir maraqlı mənbə də var. Belə ki, 1961-ci ildə ABŞ-yə gəmi ilə səfər etmiş mühacir pilot Məhəmməd Altunbay “Mücahit” jurnalında qələmə aldığı “Amerikadan gəlirəm” adlı məqaləsində yazırdı:
“Şiddətli fırtınanın hökm sürdüyü 31.10.1961 tarixini 01.11.1961 gününə bağlayan gecədən bir saat 30 dəqiqə keçmiş dünyanın ən böyük sərnişin gəmilərindən olan 80 min tonluq “Queen Mary” adlı Transatlantik Fransanın Şerburq limanından Amerikaya doğru hərəkət etdi... İnsana heç vaxt bitməyəcək kimi gələn bu nəşəli həyat 06.11.1961 tarixində, saat 16:30-da bitdi. “Queen Mary” Nyu-York limanına yanaşdı... Aradan 20 dəqiqə keçsə də, dostlarımdan heç kimi limanda görmədiyim üçün üzülmüşdüm. Lakin bu üzüntü uzun çəkmədi. Çünki düz 19 illik dostum, illər öncə Ərəb-İsrail, Koreya müharibəsinə, dünya səyahətinə dair xatirələrini İstanbul qəzetlərində həyəcanla oxuduğumuz, məmləkətimizin tanınmış jurnalisti Faruk Feniklə qarşılaşdıq. O an nə qədər şad olduğumu bu sətirlərdə ifadə edə bilmirəm. Çox sevdiyim dostumla qucaqlaşdıq. Faruk “Yeni dünyaya xoş gəldin. Düz iki saatdır səni gözləyirəm” dedi. Qısa hal-əhval tutduqdan sonra “Yalnızsanmı?” deyə soruşdum. “Bəli” dedi və söylədi: “Dostumuz Şükrü Durusel sənin gəlişini gözləyə bilmədi, dünən Bostona getməyə məcbur oldu. Bilirsən, Şükrü Bostonun Vest Nyuton Mass məntəqəsindəki ən böyük fabriklərdən birində mühəndis kimi çalışır. Təcili fabrikə dönməli idi”... Bir neçə gün Nyu-Yorkda qaldıqdan sonra şəhərlərarası lüks avtobusların biri ilə Bostona doğru hərəkət etdim. Boston avtovağzalında dostum Şükrü Durusel məni xüsusi maşınla qarşıladı. Bir neçə gün Bostonda qonaq qaldım. Bu arada, Şükrünün dostları olan iki gənc mühəndislə tanış olmaq şərəfinə nail oldum. Onlar Musa Yıldız və onun kiçik qardaşı Asim Yıldız idilər. Amerikada mühəndislik təhsili alan bu iki qardaş Qarsda doğulublar. Lakin əslən azərbaycanlıdırlar”.
Xatirədəki bu qısa bilgilər Şükrü bəyin ABŞ-də azərbaycanlılar arasındakı nüfuzunu göstərməkdədir.
ABŞ-dəki sənədlərin birində Şükrü bəyin doğum tarixi 1 may 1909-cu il kimi göstərilib. Həyat yoldaşı Hədiyə Durusel 10 may 1917-ci ildə doğulub, 25 may 2011-ci ildə dünyasını dəyişib.
Şükür Rüstəmbəyov (Şükrü Durusel) haqqında əlimizdəki məlumatlar hələ ki bu qədərdir.