BAKI, 10 sentyabr. TELEQRAF

Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) təcrübəsi göstərir ki, inkişaf əməkdaşlığı yalnız maliyyə resurslarının təqdim edilməsi ilə məhdudlaşmır.

Teleqraf xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev AIDA-nın təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfransda çıxışında deyib.

“Bilik və təcrübə mübadiləsi, Azərbaycanın təcrübəsinin paylaşılması, texniki yardım, təhsil, səhiyyə, institusional potensialın gücləndirilməsi və insan kapitalının inkişafı da belə əməkdaşlığın mühüm komponentləridir.

Bu kontekstdə Azərbaycanın inkişaf təcrübəsini tərəfdaş ölkələrlə bölüşməsi, xüsusilə Cənub-Cənub və üçtərəfli əməkdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüslər vasitəsilə bu istiqamətdə mühüm nümunədir. “ASAN xidmət” modeli kimi sahələrdə əməkdaşlıq, eləcə də təhsil və səhiyyə, elektron hökumət və digər sahələrdə təcrübə mübadiləsi Azərbaycanın praktiki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməsi üçün imkanları genişləndirib”, - deyə nazir müavini qeyd edib.