BAKI, 10 sentyabr. TELEQRAF

“İqlim fəaliyyəti və dayanıqlı şəhərləşmə paralel şəkildə inkişaf etdirilməlidir. Mənzil problemini iqlim dayanıqlılığından ayrı həll etmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə "Təsir Dialoqu - Öhdəlikdən Təqdimata: İqlim-Şəhər Tərəfdaşlıqları Vasitəsilə Sağlam, Davamlı Şəhərlər" adlı tədbirdə deyib.

O bildirib ki, şəhərlər artıq inteqrasiya olunmuş planlaşdırma, dayanıqlı mənzil, təbiətəsaslı həllər və çoxsəviyyəli iqlim fəaliyyəti kimi müxtəlif yanaşmaların effektivliyini nümayiş etdirirlər:

“Növbəti əsas vəzifə bu həlləri daha geniş miqyasda tətbiq etməkdir. İqlim fəaliyyəti yalnız hökumətlərin səyləri ilə həyata keçirilə bilməz. Regional və yerli hakimiyyət orqanları arasında effektiv əməkdaşlıq şəhərlərin emissiyaların azaldılması potensialının reallaşdırılması üçün vacibdir.

Daşqın, istilik dalğası və fırtınalar nəticəsində evlərin zədələnməsi və ailələrin köçkün vəziyyətinə düşməsi ciddi sosial və iqtisadi itkilərə səbəb olur. Buna görə də dayanıqlı mənzillərə əvvəlcədən investisiya qoyulması bu risklərin azaldılmasına kömək edə bilər.

COP31-in iqlim fəaliyyətinin icrasını gücləndirmək, mənzil, infrastruktur, təbiət, maliyyə və dayanıqlılıq məsələlərini əlaqələndirmək və iqlim öhdəliklərini insanların yaşadığı ərazilərdə real nəticələrə çevirmək üçün mühüm imkandır”.