BAKI, 10 sentyabr. TELEQRAF

Bakıda “Dayanıqlı inkişaf və effektiv humanitar yardım üçün tərəfdaşlıq” mövzusunda panel müzakirəsi keçirilib.

Teleqraf xəbər verir ki, müzakirə Beynəlxalq İnkişafa Yardım Agentliyinin təsis edilməsinin 15-ci ildönümünə həsr olunmuş “Humanitar dəstək və inkişaf üçün əməkdaşlıq vasitəsilə qlobal həmrəyliyin təşviqi” mövzusunda konfrans çərçivəsində baş tutub.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Abdullah Eren paneldə çıxışında bildirib ki, humanitar yardım, inkişaf əməkdaşlığı və sülh quruculuğu artıq ayrı-ayrı istiqamətlər kimi nəzərdən keçirilə bilməz. Onun sözlərinə görə, yeni inkişaf modelində donor və yardım alan ölkələr arasında şaquli münasibətlərdən bərabərlər arasında əməkdaşlığa keçid baş verir və bu prosesdə yerli institutların potensialının gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

O əlavə edib ki, Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) bir sıra Afrika ölkələrində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) ilə birgə layihə həyata keçirməyi planlaşdırır.

Somalinin Azərbaycandakı səfiri Abdinur Dahir Fidov isə qeyd edib ki, tərəfdaşlıqlar yalnız əlavə resursların səfərbər edilməsi vasitəsi deyil, bilik, texnologiya, maliyyə və yerli təcrübənin birləşdirilməsi üçün mühüm platformadır. O vurğulayıb ki, beynəlxalq əməkdaşlıq böhranlara qısamüddətli cavabdan risklərin azaldılmasına, yardım göstərməkdən yerli potensialın gücləndirilməsinə və uzunmüddətli tərəfdaşlığa yönəlməlidir.

Koreyanın Azərbaycandakı səfiri Kımqu Kanq isə vurğulayıb ki, ölkəsinin yardım alan dövlətdən donor ölkəyə çevrilməsi xarici yardımdan strateji və səmərəli istifadə, təhsil, sənaye və kənd təsərrüfatının inkişafı ilə yanaşı, daxili səylər hesabına mümkün olub.