BAKI, 10 sentyabr. TELEQRAF

Niderland futbolunun əfsanəsi Mark Overmars səhhətində yaranan ciddi problemlər səbəbindən peşəkar fəaliyyətinə fasilə vermək qərarına gəlib.

Teleqraf xəbər verir ki, 53 yaşlı mütəxəssis Belçikanın “Antverpen” klubunda idman direktoru vəzifəsindən istefa verib.

2022-ci ilin dekabrında infarkt keçirən Overmars uzun illər davam edən gərgin iş rejimindən sonra artıq fiziki və psixoloji baxımdan gücünün son həddinə çatdığını bildirib.

Overmars 2022-ci ilin martından “Antverpen”də çalışırdı və klubla müqaviləsini uzatmaq üçün danışıqlar aparırdı. “Ayaks”, “Barselona” və “Arsenal”ın sabiq futbolçusu klub rəhbərliyinə, əməkdaşlara və azarkeşlərə təşəkkür edib.

Qeyd edək ki, Overmars əvvəllər təxminən on il "Ayaks" klubunda futbol direktoru vəzifəsində çalışıb. Bu klub oyunçu karyerasına burada başlayıb, lakin bir neçə qadın həmkarına nalayiq mesajlar göndərdiyi aşkarlandıqdan sonra istefa verib.