BAKI, 10 sentyabr. TELEQRAF

Şəhər sistemlərinin, şəhərlərin və regionların maliyyənin ilk növbədə ölçülə bilən, proqnozlaşdırıla bilən və onların öz tələbatlarına cavab verən olmasına ehtiyacı var.

Teleqraf xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin iqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın dördüncü günündə "Təsir Dialoqu - Öhdəlikdən Təqdimata: İqlim-Şəhər Tərəfdaşlıqları Vasitəsilə Sağlam, Davamlı Şəhərlər" adlı tədbirdə deyib.

O bildirib ki, maliyyənin mövcudluğu bir məsələdir, lakin həmin maliyyəyə çıxışın olması bu sahədə digər mühüm elementdir.

"Beynəlxalq maliyyə institutlarının və resurslarının beynəlxalq maliyyə sisteminin uzaq guşələrində mövcud olması şəhərlər və regionlar üçün bu maliyyəyə asanlıqla çıxış əldə etməyə yetərli deyil. Bu halda, biz milli inkişaf strategiyalarını və hökumətin yerli investisiya prioritetlərini sinxronlaşdırmalıyıq. Bu halda yerli icmaların ehtiyaclarına cavab verə bilər. Beynəlxalq aləmdə mövcud olan maliyyəni cəlb edə biləcək layihələr işləyib hazırlamaq üçün regionların və şəhərlərin müəyyən bacarıq və potensiala ehtiyacı var. Burada beynəlxalq tərəfdaşlar, beynəlxalq maliyyə institutları, inkişaf tərəfdaşları, yəni şəhər və regionların bu maliyyə resurslarına çıxışını təmin etmək üçün onların potensialını və bacarıqlarını artırmaqda rol oynamalıdırlar. Digər vacib element isə akademik dairələrin və texnologiyaların cəlb edilməsidir. Milli səviyyədə hökumətlər üçün bu cür innovativ texnologiyalara və akademik resurslara çıxış daha rahat və çevikdir. Lakin söhbət şəhərlərdən və yerli özünüidarəetmə orqanlarından getdikdə, onların da bu resurslara çıxış əldə edə bilməsi üçün imkanlarının artırılmasına ehtiyac var", - o vurğulayıb.