
BAKI, 27 fevral. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Meksika və Kanadadan ölkəyə narkotik axınının davam etdiyini bildirib və bu ölkələrə tətbiq olunacaq tariflərin planlaşdırıldığı kimi martın 4-də qüvvəyə minəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında qeyd edib.
O, ABŞ-yə gətirilən əksəriyyəti fentanil şəklində olan bu dərmanların Çində istehsal edildiyini bildirib. Tramp bu təhlükəli və asılılıq yaradan dərmanlar səbəbi ilə keçən il 100 mindən çox insanın həyatını itirdiyini, son 20 ildə milyonlarla insanın məhv olduğunu qeyd edib.
Qurbanların ailələrinin dağıldığına və bir çox hallarda az qala məhv edildiyinə diqqət çəkən Tramp yazıb:
"Biz bu bəlanın ABŞ-yə zərər verməyə davam etməsinə icazə verə bilmərik və buna görə də bu vəziyyət bitənə və ya ciddi şəkildə məhdudlaşdırılana qədər martın 4-də qüvvəyə minməsi planlaşdırılan tariflər planlaşdırıldığı kimi də qüvvədə qalacaq. Eyni şəkildə Çin də həmin tarixdə əlavə 10 faizlik tarifə tabe olacaq".