QARABAĞ, 11 sentyabr. TELEQRAF

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günündə Xankəndi və Şuşa şəhərlərində bir sıra məkanlara baxış keçirilib.

Teleqaf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, səfər proqramına uyğun olaraq diplomatik korpusun nümayəndələri əvvəlcə Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində aparılan işlərlə tanış olublar. İştirakçılara kompleksdə görülən işlər barədə məlumat verilib.

Daha sonra Xankəndi şəhərindəki Mədəniyyət Mərkəzi ziyarət edilib. Burada Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev səfər iştirakçılarını salamlayıb.

Diplomatik korpusun nümayəndələri “Zəfər” parkını ziyarət edib, Zəfər tağı qarşısında
xatirə şəkli çəkdiriblər.

Səfər çərçivəsində Qarabağ Universiteti ilə də tanışlıq olub. Universitetdə yaradılan şərait
və onun fəaliyyəti barədə səfər iştirakçılarına məlumat verilib.

Daha sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən
“AzCotton” MMC-nin tikiş fabrikini ziyarət edib, müəssisənin fəaliyyəti ilə tanış olublar.
Səfər Şuşa şəhərində davam edib. Diplomatik korpusun nümayəndələrinə şəhərdə həyata
keçirilən bərpa-quruculuq işləri barədə məlumat verilib.

Diplomatlar Yeni Şuşa məscidinin tikintisinə baxış keçiriblər.

Sonra Cıdır düzü, Qarabağ küçəsi və Şuşa mərkəzi meydanı, həmçinin “Sadıqcanın
evi” və Yuxarı Gövhər ağa məscidi ziyarət edilib. Şuşa mərkəzi meydanında yerləşən
güllələnmiş büstlərə də baxış keçirilib.

Diplomatlar Şuşa Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış
olublar. Ardınca Şuşa qala divarlarına səfər edilib, qala divarları qarşısında xatirə şəkli
çəkilib.

Diplomatik korpusun nümayəndələri birinci yaşayış məhəlləsində yaradılmış şəraitlə tanış
olublar və Şuşa sakinləri ilə görüşüblər.

Səfər iştirakçıları Meksika Birləşmiş Ştatlarının Müstəqillik Günü münasibətilə Şuşada
təşkil olunmuş rəsmi qəbulda iştirak ediblər.

Qeyd edək ki, səfər sentyabrın 12-də davam etdiriləcək.

FOTO: Elnur Muxtar