BAKI, 11 sentyabr. TELEQRAF

Yəmənin şimalında hakimiyyətdə olan Ənsar Allah şiə hərəkatı (Husi) Bab əl-Məndəb boğazı yaxınlığında və Qırmızı dənizin qərb sahilindəki bütün əsas yaşayış məntəqələrini ələ keçirib.

Teleqraf xəbər verir ki, hökumət qüvvələrinin geri çəkilməsindən sonra husilər boğazın ən dar hissəsində yerləşən və Dubab rayonuna məxsus strateji əhəmiyyətli Perim (Mayyun) adasını, eləcə də adaya baxan Əz-Zafur çimərliyini ələ keçiriblər. Yəmən ordusu adanın cənub hissəsinə çəkilib".

Bundan əlavə, Husi qayıqları Qırmızı dənizdəki Haniş arxipelaqına, o cümlədən Böyük Haniş, Kiçik Haniş və Cəbəl Zukar adalarına eniş edib. Bu adalar Hodeyda əyalətinə məxsusdur və Qırmızı dənizin cənubundakı dəniz zolaqlarına qədər uzanır.

Ənsar Allah hərbi dəniz qüvvələrinin Yəmən sahillərindən təxminən 25 dəniz mili məsafədə yerləşən arxipelaqı nəzarətə götürdüyü və 260 zabit və əsgərdən ibarət qarnizonu əsir aldığı təsdiqlənib.

Husilər dörd illik fasilədən sonra iyulun ortalarından bəri Yəmən və Səudiyyə Ərəbistanı hökumət qüvvələrinə qarşı hərbi əməliyyatlarını gücləndiriblər. Bu, Səudiyyə Hərbi Hava Qüvvələrinin İran təyyarəsinin eniş etdiyi Səna hava limanına zərbələri ilə bağlıdır.