Bir dəfə televiziya kanallarının birinə çəkilişə çağırdılar məni. İki-üç il bundan qabağın söhbətidir. Dəvət eləyən təxminən, həmyaşıdım qəşəng bir qız imiş, sonradan bildim bunu. Efirdə görünmək həvəsim yoxdur, düzü. Onsuz da mətbuatda ardıcıl yazılarım gedir, oxuyan oxusun, oxumayan da oxumasın, məni tanıdılar nə vecimə, ya tanımadılar nə vecimə. Boş vermişəm belə şeyləri. Belə mənasız arzular mənim üçün çoxdan dəfn olunub, hüzr də vermişəm gedib. Allah rəhmət eləməsin. Ancaq bu dəfə getdim verilişə. Niyə? Çünki zəng eləyən qızın səsi elə gözəl idi, birdən-birə onun üzünü də görmək keçdi ürəyimdən. Allah kəssin xasiyyətimi.
İçəri girən kimi qız aman vermədi, iki-üç salxım gülümsədi üzümə, sonra elə gülümsəyə-gülümsəyə əl atıb köynəyimin iki düyməsini açdı. Nə deməkdir bu? Əvvəlcə pis başa düşdüm. Zalımın qızı imkan vermədi nəfəsimi dərməyə, anladım, qoymadı yer tapım oturmağa, bunu da başa düşdüm, bəs köynəyimin düyməsini niyə açır? Qaldım belə. Elə bil qız məni zorlayırdı. Sonra balaca mikrofonu altdan yuxarı düz çənəmin altına kimi gətirib sinəmə düymələyəndə məsələni anladım və tez özümü yığışdırdım. Dedim, hə, özünə gəl, oğlum. Ayıbdır. Camaatın qızı haqqında pis şeylər fikirləşmə, anamız, bacımız var. Qızın pis niyyəti yox imiş. Sənin də ağlından axmaq-axmaq fikirlər keçməsin.
Ayrı qonaqlar da vardı verilişdə. Səhv eləmirəmsə, bizim Elçin Hüseynbəyli də orada idi. Yazıçı. Həmin verilişdə o da qonaq olmuşdu, deyəsən. Gəncləri mən təmsil eləyirdim, qocaların da yerinə Elçin müəllim danışacaqdı guya. İş-gücümüzə baxın, siz Allah, dərdimiz-azarımız qurtarıb daha.
Veriliş başlayan kimi aparıcı qız məndən soruşdu:
- Hörmətli Kəramət müəllim, sizcə, bu gün ədəbiyyatımızın ən böyük problemi nədir? Bu barədə fikirləriniz maraqlı olardı.
Ay Allah, nə danışır bu qız? Problem nədir? Xeyli düşündüm bu barədə. İstədim deyəm ki, bilmirəm. Amma bilirdim axı. Mən olam, problemin nə olduğunu bilməyəm? Sonra istədim deyəm, problem odur ki... Ancaq yenə fikrimdən daşındım. Bildim ki, problem yaranacaq. Xeyli susdum buna görə, verilişin vaxtısa gedir. Aparıcı duruxdu, o biri qonaqlar bir-birinin üzünə baxdılar, hiss elədim ki, bir az da danışmasam, gülməli bir vəziyyət yaranacaq, təmiz biabır olacağam.
Ona görə var gücümü yığıb dilə gəldim:
- Ədəbiyyatımızın ən böyük problemi odur ki, problemlərdən danışmaq adama problem yaradır.
Bu söz ağzımdan çıxan kimi kameralar söndürüldü və mənə iradlar tutuldu:
- Burada belə problem-problem danışmaq olmaz...
- Bəs nə danışım? – dedim.
- O qədər problem var ki... – aparıcı dedi.
Yaxşı, razılaşdım və başqa şeylərdən danışmağa başladım. Amma yenə kameranı saxladılar. Ta olmadı ki... Elə bildim ələ salırlar məni. İmkan vermirlər ağzımı açmağa, danışan kimi deyirlər, dayan, dayan... Bu dəfə də belə dedilər.
- Sənin başın xarab olub? – aparıcı qız dedi.
Içimdən qəribə bir gülmək keçdi qızın birdən-birə mənə belə deməyinə görə.
- Xanım, məni bura nəyə çağırmışınız? – soruşdum.
- Ədəbiyyatdan danışmağa...
- Bəs mənə nədən danışıram? – bir də soruşdum.
- Sən elə danışırsan ki, problem yaranır – aparıcı qırmızıca üzümə durdu.
- Axı sənin sualın da problem haqqındadır – özümü bir az əsəbiləşən kimi göstərdim.
Uzun sözün qısası, xırda bir mübahisə düşdü və mən studiyanı tərk eləməli oldum.
- Verilişə çəkilmək istəmirəm – dedim.
- Bəs nəyə gəlmişdin?
Qızın dilindən bu sualı eşidəndə dik atıldım. Doğrudan, mən bura nə üçün gəlmişəm?
- Sənin səsindən xoşum gəlmişdi, xanım, üzünü də görmək istədim, ona görə gəlmişəm.
Bu sözü deyib çıxdım studiyadan. Özü də elə çıxdım, yellənə-yellənə elə getdim, elə bil böyük bir yazıçıyam. Gedə-gedə fikirləşdim ki, gəldim, qızı gördüm, baxdım. Gözəldir. Daha burda mənim üçün maraqlı heç nə yoxdur. Elə getsəm, yaxşıdır.
Bir də gördüm həmin qız arxadan məni səsləyir:
- Kəramət müəllim, ay Kəramət müəllim...
Tez geri çevrildim. Geri çevriləndə bir anlıq özümü məşhur türk müğənnisi Əmraha oxşatdım, çünki eynən onun kimi baxdım qıza. Üç il bundan qabaq belə səy-səy hərəkətlərim olurdu. Sən demə, qız yüyürə-yüyürə gəlirmiş. Elə bildim, üzrxahlıq eləməyə tələsir, vallah. Başqa nə ola bilərdi ki? Bəlkə o da mənə vurulub? Yox daha, inanmıram. Allah bilir, quşu yaşlı kişilərə qonub çoxdan. Yəqin, məni bəyənməz. Nə bilim, belə boş-boş şeylər keçirdi ağlımdan. Bir də gördüm ki, qız palma ağacı kimi dayanıb qabağımda. Aşağıdan yuxarıya kimi aydın baxışlarımla onun üst-başını tər-təmiz yudum.
Üzü göy üzünə oxşayan qız isə nəfəsini dərib dillə gəldi:
- Kəramət müəllim, mikrofonu hara aparırsınız?
- Nə mikrofon? – soruşdum.
- Köynəyinizin altında qalıb, bayaq verilişə girdəndə sinənizə düymələdim axı, onu deyirəm...