Əvvəl lətifələri ancaq gülmək üçün oxuyurdum, sonra düşünməyə başladım və gördüm ki, hər birinin ucundan tutub ciddi mətləblərə gedib çıxmaq mümkündür. İstər Molla Nəsrəddin, istər də Hacı dayının çoxlu lətifələrini bilirəm. Əksəriyyətinin ciddi məzmun yükü var. Hərdən gülüş xətrinə deyilmiş bir lətifə cəmiyyətin əhval-ruhiyyəsini, əxalqını elə ifadə edir ki, baxırsan, əlavə heç nəyə ehtiyac yoxdur. Buraları tanımaq üçün bircə lətifə kifayətdir. Təəssüf ki, biz belə şeylərə çox vaxt fikir vermirik. Sadəcə, gülüb keçirik.

Bu yaxınlarda Facebook sosial şəbəkəsində oxuduğum və təzədən paylaşdığım bir lətifə mənim çox xoşuma gəldi. Bu lətifə də daha çox gülmək üçün olsa da, mənə elə gəlir, mahiyyətində ciddi mətləblər gizlənir. Bəlkə, yanılıram, bilmirəm. Özünüz nəticə çıxarsanız, daha yaxşı olardı.

Lətifədə deyilir ki, təyyarədə uçuş vaxtı oğlanın biri yanındakı qıza yaxınlaşır. Guya ünsiyyət qurmaq istəyir.

– Deyirlər, yol gedərkən söhbət edilərsə səyahət çox qısa olur, bəlkə söhbət eləyək?

Qız oxuduğu kitabı bağlayıb üzünü oğlana tutur.

– Nə haqqında danışmaq istərdin?

Oğlan:

– Nə bilim, bəlkə, atom nüvəsi haqqında?

Qız:

– Maraqlı bir mövzudur. Danışa bilərik. Amma əvvəlcə sənə bir sualım olacaq.

Oğlan həmin dəqiqə:

– Buyurun.

Qız:

– At, inək və maral eyni şeyi yeyirlər. Yəni, ot. Amma həmin otu maral kiçik parçalar halında, inək loppa-loppa, at isə kiçik toplarla ixrac edir. Səncə, niyə?

Oğlan:

– Nə deyim, bilmirəm, heç bir fikrim yoxdur.

Qız cavab verir:

– Bir poxdan anlayışın olmadığı halda atom nüvəsindən nə danışacaqdın?

Burda janrın tələblərinə uyğun olaraq qısa şəkildə deyilmək istəyən fikir ifadə olunub. Gəlin həmin fikrin ucundan tutub bir az ətrafa baxaq. Məsələn, bu gün bizim siyasətimizdə də, ədəbiyyatımızda da və başqa sahələrdə nə qədər adamlar var ki, eyni ilə təyyarədə qızla ünsiyyət qurmaq istəyən oğlanın mənəvi tayıdır. Başı heç nədən çıxmır, amma harda aş var, orda başdır. Nədən desən, danışır. Bilmədiyi heç nə yoxdur. Orta məktəbi rüşvətlə, ali məktəbi tapşırıqla oxuya-oxuya gəlib çıxıb düz başımızın üstündən yuxarı başa. Bizdə altdan yuxarı onun ağzına, əlinə baxırıq. Neyləyək, taleyimiz belədir. Məcbur olub lətifə qəhrəmanları ilə bir yerdə yaşayırıq. Yaşamaq nədir ki, hətta onlara hörmət eləməyə məcburuq.

Vəziyyət çox ağırdır. Quranı oxumayanlar əlinə balta alıb dinin keşiyini çəkir, Nazim Hikməti düz-əməlli oxumayanlar universitetdə şeirdən dərs deyir. Tolstoyun “Anna Karenasını” səhv başa düşən müəllim deyir, universitet aditoriyasında Çingiz Abdullayev əsl yazıçıdır, Nəriman Həsənzadə də Azərbaycan xalqının vicdanıdır. Ömründə Anarın bir əsərini səbrlə oxuyub başa çatdırmayanlar onu Azərbaycan xalqının mənəvi dəyəri olmasından danışır. Və daha nələr. Ən pisi də odur ki, kitabsız bir cəmiyyət bu insanları həmişə qoruyur, kürəyinin arxasında dağ kimi dayanır.

Məsələn, Azərbaycan Yazıçılar Birliyi bayaq danışdığım lətifədə təyyarədə qızla ünsiyyət qurmaq istəyən oğlan kimiləri ilə doludur. Adamlara, daha doğrusu, şairlərə baxırsan, nə eni bilinir, nə uzunu. Daxilən necə məzmunsız bir adam olması çöhrəsinə çöküb. Üzünə baxan kimi hiss eləyirsən ki, nə qədər bezdarnı bir şairdir. Amma mənim deməyimlə deyil ki, kişinin hörməti hörmət, izzəti izzət, pulu, maşını, evi-eşiyi, arvad uşağı, kefi kök, damağı da çax. Şeirini də yazır, kitabını da çıxardır, təqdimatını da eləyir, yeyir də, içir də. Dünyanın kefini sürür. Gündə İngiltərədə, Almaniyada, Fransada gəzib-dolaşır. Təkcə Yazıçılar Birliyi yox, Milli Elmlər Akademiyası da eyni məzmunlu alimlərlə doludur. Mən inanıram ki, yazdığı dissertasiyadan birxəbər alimlər arvad-uşaqları da, nəvə-nəticələri də babalaranın şərəfli yollarını davam etdirəcəklər. Çünki cəmiyyətin özündə də bayaq dediyim kimi, bu cür insanların yetişməsi və formalaşması üçün mənəvi təkan var. Bu adamların hamısı lətifə qəhrəmanlarıdır, gülüş obrazlarıdır, bəs biz onlara nə deyirik? Alim, şair, yazıçı, müəllim, professor... Yazını davam eləyə bilmirəm. Allah məni öldürsün.