BAKI, 8 noyabr. TELEQRAF

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Hüseyn Möhəbi ABŞ-nin İranı mühasirəyə almaq məqsədilə hazırladığı “Dəmir Qapı” adlı yeni planı “söz oyunu” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Bu plan sadəcə söz oyunundan ibarətdir. ABŞ bu yolla əsas məqsədinə - İran iqtisadiyyatının çökməsinə və dağılmasına nail olmaq üçün ölkəyə güclü iqtisadi təzyiq göstərməyə nail ola bilməyəcək”, - Möhəbi bildirib.

SEPAH-ın sözçüsü İran gəmilərinin ABŞ tərəfindən hədəfə alınması ehtimalına toxunaraq qeyd edib:

“Müharibə şəraitində belə hadisələr baş verə bilər. Amma əsas məsələ ondan ibarətdir ki, biz dəfələrlə çoxunu vuracağıq. ABŞ müxtəlif adlar və planlar altında həyata keçirməyə çalışdığı iqtisadi mühasirəni heç vaxt istədiyi mənada reallaşdıra bilməyəcək. Əgər ABŞ bu məsələdə ciddi olarsa, biz ondan da ciddi olacağıq. Qonşu ölkələrlə əlaqələrin təmin edilməsi üçün zəruri tədbirlər görmüşük”.

Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bundan əvvəl İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə qabaqcıl silahların və sanksiyalara məruz qalan məhsulların daşınmasının qarşısını almaq məqsədilə Amerikanın digər dövlət qurumları ilə koordinasiyalı şəkildə “Dəmir Qapı” işçi qrupunun yaradıldığını açıqlamışdı.