BAKI, 8 noyabr. TELEQRAF

“Qarabağ” Azərbaycan Premyer Liqasında ardıcıl üç oyundur qol vura bilmir.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi “Sabah” və “Qəbələ” ilə qolsuz heç-heçə etdikdən sonra XI turda “Turan Tovuz”a 0:1 hesabı ilə məğlub olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda sonuncu dəfə 2011/12 mövsümündə ardıcıl üç qarşılaşmada fərqlənə bilməyib. Həmin vaxt “Qarabağ” 2011-ci il avqustun 21-də “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəldikdən sonra növbəti üç matçda qol vura bilməyib. Ağdam klubu avqustun 27-də “Qəbələ”yə, sentyabrın 17-də isə “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzub. Sentyabrın 11-də “Sumqayıt”la görüş isə qolsuz heç-heçə ilə başa çatıb. Komanda yalnız sentyabrın 24-də AZAL-ı 3:1 hesabı ilə məğlub edərkən bu seriyaya son qoyub.

“Qarabağ”ın Azərbaycan çempionatları tarixində ən uzun qolsuz seriyası ardıcıl dörd oyundan ibarətdir. Bu antirekord iki dəfə qeydə alınıb. Ağdam təmsilçisi növbəti qarşılaşmada da qol vura bilməsə, tarixində üçüncü dəfə bu göstəriciyə imza atacaq.

Qeyd edək ki, “Qarabağ” qələbəsiz oyunlar seriyasını da dörd matça çatdırıb. Bu, son 11 mövsümdə komandanın ən uğursuz seriyasıdır. Ağdam klubu sonuncu dəfə 2015/16 mövsümündə ardıcıl dörd görüşdə qələbə qazana bilməyib.