BAKI, 17 noyabr. TELEQRAF

"Ölkəmizdə böyük sosial layihələr həyata keçirilir. Əməkhaqları, pensiyalar, müavinətlər və təqaüdlər artırılır".

Teleqraf xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu siyasətin ən aydın göstəricilərindən biri də dövlət büdcəsidir: "2027-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər 18,7 milyard manat nəzərdə tutulur. Bu, büdcə xərclərinin 44,2 faizi deməkdir. Yəni dövlət büdcəsindən xərclənəcək hər 100 manatın 44 manatdan çoxu sosial istiqamətlərə yönəldiləcək.

2018-ci ildən başlayaraq ölkəmizdə beş böyük sosial islahat paketi həyata keçirilib. Bu islahatlar təxminən 4 milyon insanı əhatə edib. 2018-ci ildə minimum aylıq əməkhaqqı 130 manat idi. Bu gün 400 manatdır. Yəni üç dəfədən çox artıb. Minimum pensiya isə 110 manatdan 320 manata çatdırılıb. Bu da təxminən üç dəfə artım deməkdir. 2018-ci ildə orta aylıq pensiya 208 manat idi. 2025-ci ildə 540 manata yüksəlib. Sosial müavinət və təqaüdlərə ayrılan illik vəsait isə həmin dövrdə beş dəfə artıb. Bu rəqəmlər sosial islahatların maliyyə miqyasını aydın göstərir. Əlbəttə, əsas məsələ bu artımların insanların gündəlik həyatında hiss olunmasıdır. Ona görə qiymət artımı nəzərə alınmaqla real gəlirlərin yüksəlməsi də daim diqqətdə saxlanılmalıdır. Bu gün müzakirə etdiyimiz 2027-ci il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi də sosial siyasətin davam etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Fondun gəlirləri 9 milyard 221 milyon manat nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə təxminən 897 milyon manat çoxdur.

Xərclər isə 9 milyard 273 milyon manat olacaq. Bu da əvvəlki ildən təxminən 790 milyon manat və ya 9,3 faiz çoxdur. Ən mühüm məqam ondan ibarətdir ki, Fondun xərclərinin 96,5 faizi birbaşa əhaliyə ödənişlərə yönəldiləcək. Pensiyaların ödənilməsi üçün 8 milyard 669 milyon manat nəzərdə tutulur.

2027-ci ildə orta aylıq pensiyanın 639 manata, yaşa görə orta aylıq pensiyanın isə 680 manata çatacağı proqnozlaşdırılır. Eyni zamanda növbəti, altıncı sosial islahat paketi üçün də maliyyə təminatı nəzərdə tutulub. Bütün bunlar sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin davam etdirilməsi üçün mühüm maliyyə imkanları yaradır”.

Aydın Hüseynov vurğulayıb ki, pensiya sisteminin gələcək inkişafı üçün məşğulluğun artırılması çox vacibdir: “Çünki daha çox insanın rəsmi işləməsi, əməkhaqqı alması və sosial sığorta ödəməsi Dövlət Sosial Müdafiə Fondunun gəlirlərini artırır. Bu isə gələcəkdə pensiyaların maliyyə təminatının güclənməsi deməkdir. Ona görə sosial müdafiə siyasəti ilə məşğulluq siyasəti bir-birini tamamlamalıdır”.