BAKI, 2 avqust. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında keçirilən hava əməliyyatları zamanı HƏMAS-ın iki komandirinin öldürüldüyünü açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, şənbə günü Qəzza zolağının cənubunda keçirilən əməliyyat zamanı HƏMAS-ın "Nuxba" bölməsinin qrup komandiri Salem Camal Əbdülrəhman Əbu Labad öldürülüb. İsrail ordusu onun 2023-cü il oktyabrın 7-də Nir Oz kibbutsuna hücumda iştirak etdiyini qeyd edib.

Bildirilib ki, cümə günü Qəzza zolağının mərkəzində keçirilən digər hava zərbəsi zamanı isə HƏMAS-ın Məğazi batalyonunun komandirlərindən biri olan Məhəmməd Əbdülnasir Məhəmməd Xətib öldürülüb.

Məlumatda qeyd olunub ki, hər iki şəxs HƏMAS-ın hərbi qanadının tərkibində fəaliyyət göstərib və İsrail hərbçilərinə qarşı hücumlar hazırlamağa cəhd edib.