BAKI, 2 avqust. TELEQRAF

ABŞ-nin Vaşinqton ştatında meşə yanğınlarının sürətlə yayılması səbəbindən Spokan dairəsinin bir neçə rayonunda üçüncü, ən yüksək təxliyə səviyyəsi elan olunub.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, "Old Trails Fire" adlandırılan yanğın səbəbindən yerli hakimiyyət orqanları sakinlərə həyati təhlükə yaradan şəraitlə əlaqədar təsirə məruz qalan əraziləri dərhal tərk etmələri barədə göstəriş verib.

Yanğın artıq 2,3 min akr (təxminən 930 hektar) ərazini əhatə edib və sürətlə yayılmaqda davam edir.

Ştat üzrə ümumilikdə 12 iri meşə yanğını qeydə alınıb. Onların əhatə etdiyi ümumi sahə təxminən 81 min hektara çatır.

Hakimiyyət orqanları yanğınlarla mübarizə üçün əlavə olaraq Milli Qvardiyanın 110 hərbçisini cəlb edib.

"Poweroutage.us" portalının məlumatına görə, təbii fəlakət fonunda Vaşinqton ştatında 52 mindən çox abonent elektrik enerjisiz qalıb.